Bu gün Konkret.az xəbər portalının fəaliyyətə başlamasından 7 il ötür.
Gununsesi.info bildirir ki, sayt 2019-cu il iyulun 2-də Azərbaycanın media məkanına daxil olub.
Konkret.az qısa müddətdə peşəkarlığı və operativliyi ilə ölkənin aparıcı xəbər resurslarından birinə çevrilib.
Saytda analitik yazılar, araşdırmalar, müsahibələr və reportajlar yayımlanır.
Baş redaktor Fadil Paşayev 2 iyulun bir çox baxımdan əlamətdar gün olduğunu söyləyib:
“Ən birincisi, polislərin peşə bayramı günü kimi. Bu sistemdə çoxlu dostlarımız, doğmalarımız işləyir və orada çalışan peşəkar zabit qardaşlarımızla həmin günü həmişə təntənə ilə qeyd etmişik. İkincisi isə bu tarixdə doğum gününü qeyd edən ləyaqətli dostlarım da var. Onların da doğum günləri mənim üçün xüsusi əhəmiyyət daşıyıb. Təsadüfə baxın ki, 7 il bundan qabaq göz açan saytın yaranma günü də 2 iyula düşüb. Sözün əsl mənasında bayram bayrama qarışıb. Amma bir bilsəniz, nə qədər çətin, çətin olduğu qədər də ağır məsuliyyətli bir yol keçmişik. Məsuliyyət yükündən inildəmişik, çək-çevirə düşmüşük. Məhz buna görə də ilk növbədə fədakar kollektivimi təbrik edirəm. Üzdə olmayan, amma mənə dəstək verən sədaqətli dostlarımı minnətdarlıq hissi ilə yad edirəm. 7 yaş bir insan üçün çox az yaş olsa da, bir internet ünvanı üçün müəyyən zaman kəsiyidir, yəni geriyə baxmaq üçün bir tarixdir. Bizi dəstəkləyən hər kəsə təşəkkür borcumuz var. Yanımızda olanlara ancaq bunu deyə bilərəm: Ölənə qədər etimadınızın keşiyindəyik”.
Gununsesi.info Fadil Paşayev başda olmaqla, Konkret.az kollektivini təbrik edir.












