Müharibə veteranı statusu kimlərə veriləcək? – Hökumətdə mövqelər haçalanır

  • By admin
  • 17 İyul 2021 21:05

İkinci Qarabağ savaşı  bitdikdən sonra müharibə veteranı statusunun kimlərə verilib-verilməməsi barədə müzakirələr açılıb, Baş nazir Əli Əsədovun qərarı ilə statusun müəyyənləşdirilməsi üçün komissiya yaradılıb.

 

Hər şeyi sadə izah etməyə çalışacağam.

 

“Veteranlıq haqqında” qanunda boşluq var, yəni indiki situasiyaya cavab vermir.

 

Qanunun hazırki variantında ümumilik çoxdur və ona istinad edilərək status müəyyənləşsə, o zaman müharibə zamanı hərbi xidmətdə olan hər kəsə veteran adı verilə bilər.

 

Müharibə veteranı statusunun kimlərə verilməsi üçün göstərilən meyarlarda daha çox SSRİ dövrünün hərbi əməliyyatlarına diqqət çəkilir.

 

Qanunun bəndlərini uzun-uzadı yazmıram, sadəcə bundan sonra kimlərə müharibə veteranı adı veriləcəyi ilə bağlı hökumətdə bir neçə mövqenin olduğunu diqqətə çatdırmaq istəyirəm.
Bəs mövqelər nədən ibarətdir?

 

  • Bəzi rəsmi şəxslər düşünür ki, müharibədə iştirak edən hər bir şəxs veterandır (hazırki qanundan bu nəticə çıxır),

2. Rəsmi dairələrdə bir qisim isə düşünür ki, müharibə veteranı müddətindən asılı olmayaraq aktiv döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə verilsin,

 

3. Bir qisim qeyd edir ki, aktiv döyüş əməliyyatlarında iştirak müddətə görə qiymətləndirilsin və o müddəti (hələ bəlli deyil) keçən şəxslərə veteran statusu verilsin. Sadələşdirək: Fərz edək ki, 10 gün aktiv döyüş əməliyyatlarında iştirak veteran statusu üçün kifayət edir. Lakin 5 gün olsa, həmin statusdan məhrum olur.

 

4. Komissiyada digər fikir budur ki, aktiv döyüş əməliyyatlarında olmasa belə, cəbhə xəttində xidmət edənlər, təminat aparan hərbi qulluqçular veteran statusu alsın.

 

Mövqelərin haçalanmasına baxmayaraq, yekdil qərar budur ki, müharibə veteranı statusu ala bilməyən şəxslər kənarda qalmasın, onlara da hansısa bir ad verilsin. Bu təklifi isə komissiyada təmsil olunan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi səsləndirir.

 

Bu da müharibə iştirakçısı statusudur, əgər verilsə, bu statusu rəsmi təqsidləyən vəsiqə də olacaq.

 

Fərqə gəlincə, ya aylıq müavinət az olacaq və ya ümumiyyətlə olmayacaq, bununla belə, onlar üçün də bəzi güzəştlər tətbiq ediləcək.

 

Böyük ehtimal ki, mövcud qanuna dəyişiklik zərurəti yaranır.

 

Veteran statusunun müəyyənləşməsi üçün ən azı bir il vaxt lazımdır.

Gununsesi.info