Natiq Cəfərli: “Vergi məsuliyyətdirsə, nəzarət də olmalıdır”

  • Müəllif: Orxan
  • 06 Avqust 2026 12:27

İqtisadçı Natiq Cəfərli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin geniş müsahibəsinə münasibət bildirib.

Gununsesi.info-nun xəbərinə görə, o, ilk növbədə Dövlət Vergi Xidməti rəhbərinin ətraflı müsahibə verməsini müsbət qiymətləndirib və dövlət qurumlarının rəhbərlərinin ictimaiyyətlə daha açıq ünsiyyət qurmasının vacibliyini vurğulayıb.

Cəfərli daha sonra müsahibədə səsləndirilən fikirlərlə bağlı bir sıra iradlarını diqqətə çatdırıb.

Onun sözlərinə görə, verginin yalnız vətəndaşın öhdəliyi kimi təqdim edilməsi yanaşmasında mühüm boşluq var.

“Vergini tək məsuliyyət kimi görmək doğru deyil. Məsuliyyət səlahiyyətsiz olmur. Vergi tarixən seçkiyə bağlı institutdur. Əgər vətəndaşın məsuliyyəti vergi ödəməkdirsə, onun səlahiyyəti də həmin vergilərin necə xərcləndiyinə nəzarət etmək olmalıdır. Bizdə isə bu proses əsasən birtərəflidir, məsuliyyət var, səlahiyyət isə ya yoxdur, ya da çox məhduddur”, -deyə iqtisadçı bildirib.

Natiq Cəfərli vergi yükünün artırılması ilə bağlı səsləndirilən fikirlərlə də razılaşmadığını qeyd edib.

O bildirib ki, vergi artımı yalnız aksiz vergiləri ilə məhdudlaşmır.

Onun sözlərinə görə, özəl sektorda əməkhaqqı gəlirlərinə tətbiq edilən 3 faiz, gələcək illərdə isə 5 və 7 faiz həcmində vergi dərəcələri, həmçinin əlavə dəyər vergisi (ƏDV) və əməkhaqqından tutulan icbari sosial ödənişlər də vətəndaşların vergi yükünü artıran amillərdir.

İqtisadçı Vergi Məcəlləsinə son illərdə edilən çoxsaylı dəyişiklikləri də tənqid edib.

O bildirib ki, son 6-7 ildə məcəlləyə təxminən 2 min dəyişiklik edilib və hazırda da yeni dəyişikliklər hazırlanır.

Cəfərlinin fikrincə, mövcud məcəlləyə davamlı əlavələr etmək əvəzinə, rəqəmsal iqtisadiyyatın tələblərinə uyğun, sıfırdan hazırlanmış, daha sadə və biznesyönümlü yeni Vergi Məcəlləsinin qəbuluna ehtiyac var.

O hesab edir ki, yeni məcəllədə sahələr üzrə əsasən dövriyyədən vergi prinsipi tətbiq edilməli, ƏDV sistemi daha çevik qurulmalı və uzun illərdir dəyişməyən 18 faizlik dərəcəyə yenidən baxılmalıdır.

Elmar

Gununsesi.info