Navalnının ölümü AŞ PA-da müzakirə olundu - PUTİNİN REJİMİ CİNAYƏT TƏŞKİLATINA BƏNZƏYİR

  • By admin
  • 18 Aprel 2024 13:26

AŞ PA -nın sessiyasında Rusiya həbsxanasında müəmmalı şəkildə ölən müxalif lider Aleksey Navalnı ilə bağlı müzakirə aparılıb. 

Gununsesi.info-nun Strasburqa ezam olunan əməkdaşının verdiyi məlumata görə, AŞ PA üzvləri Navalnının  ölümünə görə Rusiya dövlətinin tam məsuliyyət daşıdığını bəyan edib.

Çıxış edənlərin əksəriyyəti Avropa ölkələrini  Vladimir Putinin “totalitar rejimi”nə qarşı prinsipial və bir sıra genişmiqyaslı tədbirlər görməyə çağırıb.

Emanuelis Zingerisin (Litva, EPP/CD) hesabatına əsaslanan qətnaməni yekdilliklə qəbul edən Assambleya bildirib ki, Vladimir Putinin hakimiyyəti altında Rusiya “demokratiyaya qarşı müharibə” aparan de-fakto diktaturaya çevrilib.

Hesabatda deyilir ki, hər yerdə mövcud olan təhlükəsizlik aparatı, cəmiyyətin kütləvi şəkildə izlənilməsi və dinc etirazlara qarşı amansız repressiya “Rusiya Federasiyasını Assambleyanın hesab etdiyi totalitar dövlətə çevirib, onun iş rejimi cinayət təşkilatına bənzəyir”.

Sessiyada qəbul olunan sənəddə Aİ və digər dövlətləri Aleksey Navalnının təqibinə, pis rəftarına və ölümünə görə bilavasitə məsuliyyət daşıyan şəxsləri “Navalnı siyahısı”nda göründükləri üçün sanksiya verməyə çağırıb.

Bundan başqa AŞ PA Vladimir Putini Rusiyanın legitim prezidenti kimi tanımaqdan imtina etdiyini bəyan edib  və beynəlxalq ictimaiyyəti humanitar məqsədlər və ya sülhə nail olmaqdan başqa onunla bütün əlaqəni dayandırmağa çağırıb.

Pərviz Həşimli

Gununsesi.info