Pankratovun adını silmək istədiyi azərbaycanlı general

  • By admin
  • 14 Oktyabr 2021 20:28

Vaxtilə Qırmızı ordunun 11-ci siyasi şöbəsinin rəisi Semyon Pankratov müstəqil Azərbaycan dövlətinin və onun peşəkar hakimiyyət orqanlarının mövcudluğunu sübut edən bütün arxiv materiallarının məhv edilməsi barədə sərəncam verir.

Gununsesi.info  xəbər verir ki, vandalizm aktının ilk hədəfi Azərbaycan Demokratik Respulikasında bir nömrəli qurum sayılan Daxili İşlər Nazirliyinin fəaliyyətinə aid bir sıra mühüm sənədlərin məhv edilməsi olur.

Bundan başqa, yeni sovet hakimiyyəti bu orqanlara rəhbərlik edən görkəmli xadimlərin adlarını planlı şəkildə tarixin səhifələrindən silməyə çalışırdı. Onların arasında Azərbaycan general-mayoru Sadıq bəy Ağabəyzadə də var idi.

1865-ci ildə Göyçayda anadan olan Sadıq bəy Ağabəyzadə kitablar yazırdı, tarixçi idi, bir neçə dil bilirdi, peşəkar diplomat idi. Onun sağlığında belə haqqında əfsanələr gəzirdi.

Türkmənistanda xidmət keçən zaman “Türkmən dialekti” dərsliyini nəşr etdirən Sadıq bəy Buxara əmiri tərəfindən xüsusi diplomla təltif edilmişdi.

Təqaüdə çıxan Sadıq bəy əmin idi ki, onun hərbi karyerası başa çatıb və ömrünün qalan hissəsini doğma Göyçayda keçirəcək. Lakin Birinci Dünya müharibəsi onun planlarına düzəlişlər etdi. Sadıx bəy könüllü olaraq müharibəyə gedir. Qafqaz cəbhəsində, sonradan Ukrayna cəbhəsində döyüşlərdə iştirak edir.

1916-cı ildə Sadıq bəy Vətənə qayıdır və Göyçayda öz valideynlərinin evində yaşayır.

23 oktyabr 1918-ci ildə ADR hökumətinin qərarı ilə daxili işlər nazirinin müavini vəzifəsinə təyin edilir. Bu, həmin nazirliyə dövlət xadimi, tanınmış neft sənayeçisi, milli polis orqanlarının yaradıcılarından olan Behbud ağa Cavanşirin başçılıq etdiyi dövr idi.

Sadıq bəyin nazir müavini kimi fəaliyyət dövrünü tədqiq edərkən 1918-ci ilin oktyabrından 1919-cu ilin dekabrınadək Azərbaycanda müntəzəm peşəkar polisin təşəkkülü və formalaşmasını xüsusi qeyd etmək lazımdır. Polis orqanlarının yenidən qurulması işində ilk addımlardan biri Sadıq bəyin ADR-in DİN-ə ayırdığı maliyyə-büdcə vəsaitinin artırılması təklifi idi. Artıq 1918-ci ilin sentyabr ayının sonu, oktyabr ayının əvvəlində onun təşəbbüsü ilə İcərişəhərdə “Qorodovoylar məktəbi” açılmışdı.

9 mart 1919-cu ildə Azərbaycanda Müvəqqəti Komissarlığın fəaliyyətinə xitam verilir, polis komissarı polkovnik Kokkerel isə öz səlahiyyətlərini təhvil verərək İrana qayıdır. Bu müddət ərzində Müvəqqəti Komissarlıq əvvəlcədən bağlanmış müqavilənin bəndlərinə əsasən bütün sənədi və işləri ADR DİN-ə təhvil verməli idi. Lakin gözlənilmədən X.Xasməmmədov daxili işlər naziri vəzifəsindən istefa verir.

Daxili işlər naziri postunun ADR-in çətin bir dönəmində boş qalması qəbuledilməz idi. Bu zaman DİN-in taleyinin məsuliyyətini Sadıq bəy Ağabəyzadə öz üzərinə götürür.

Azərbaycan Demokratik Respublikası hökumətinə yaxşı bəlli idi ki, Sadıx bəy Şərq dilləri, islam paleoqrafiyası, epiqrafika və xəttatlıq sahəsində peşəkar idi. Bundan başqa, Sadıq bəy alman, ingilis dillərini də bilirdi.

Sadıq bəyin fəaliyyəti Azərbaycan xalqı üçün böyük tarixi dəyişikliklər dövründə baş vermişdir. O, həqiqətən də dövrünün qəhrəmanı idi.

Sovet işğalından sonra bir müddət İstanbulda, əmisi oğlu Əli bəy Hüseynzadənin yanında yaşayan general daha sonra Parisə köçür. Sadıq bəy Ağazadə ömrünün son illərini Ukraynanın Lvov şəhərində keçirir. General 1944-cü ildə bu şəhərdə vəfat edir.

Qeyd: Material polis polkovniki, tarix elmləri namizədi Tahir Behbudovun məlumatları və tədqiqatları əsasında hazırlanıb.

Gununsesi.info