Azərbaycanda bu ilin payızında keçirilməli olan parlament seçkiləri, təqribən 8 ay əvvəl, fevralın 9-da baş tutdu. Parlamentin buraxılmasını gündəmə gətirən qanunverici orqanda çoxluqda olan hakim Yeni Azərbaycan Partiyasının üzvləri Milli Məclisin Prezidentin sürətli islahatlarına cavab verməli olduğunu bəyan edirdilər. Nəticədə parlament özünü buraxdı, seçkilər 8 ay tez keçirildi. Bəs sürətli islahatlar aparıldımı? Aparıldısa onlar nədə özünü göstərir? Ən nəhayət, bütün bunlarda yeni parlamentin töhfəsi nə oldu?
“Kadr və instutsional islahatları aparılır”
Deputat Vahid Əhmədov bildirir ki, islahatlar seçkilərdən əvvəl başlayıb və yeni prezident seçkilərindən sonra bu islahatlar dayanmayıb:
“Dövlət başçısı İlham Əliyev 2018-ci ildə prezident seçildikdən sonra islahatlara start verildi. Amma son zamanlar islahatlar sürətləndirilib, kadr və instutsional islahatları aparılır. Xüsusilə rüşvət və korrupsiyaya qarşı ciddi addımlar atılır. Yəni prezident seçkilərindən sonra islahatlar dayanmayıb”.
“…Danışmaq çox tezdir”
Vahid Əhmədov elə parlamentin tərkibinin yenilənməsi də islahatların tərkib hissəsi sayır.
“Çünki o zaman təklif edildi ki, Milli Məclis yenilənsin və nəticədə seçkilər keçirildi. Amma parlamentin əsas vəzifəsi qanunlar qəbul etmək və aparılan islahatlara dəstək verməkdir ki, bununla da əhalinin həyat şəraiti yaxşılaşsın. Məncə, bu istiqamətdə parlament müəyyən addımlar atdı. Nəzərə alın ki, Milli Məclisin bir sessiyası keçirilib, ona görə də bu orqanın fəaliyyəti, töhfəsi barədə danışmaq çox tezdir”.
Ancaq Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli fərqli düşünür. Anar Məmmədli bu ilin fevralında keçirilən seçkilərin vaxtından 8 ay öncəyə çəkildiyini xatırladır. Onun fikrincə, bu müddətdə Azərbaycanda hüquqi-siyasi islahatlar olmadı ki, parlamentin də həmin prosesdə rol aldığı görünsün.
“Bunları islahat adlandırmaq olmaz.”
Anar Məmmədli parlament seçkilərinin növbədənkənar keçirilməsi ilə bağlı irəli sürülən arqumentlə razılaşmır:
“Məsələ ondan ibarət idi ki, iqtisadi durum daha da pisləşdiyindən noyabrda seçkilər fərqli atmosferdə keçirilə bilər. Nəticədə müxalifətin və başqa siyasi xadimlərin təşkilatlanmasına imkanlar yaranardı. Beləliklə, hakimiyyət seçkinin daha rəqabətli keçirilməsinin qarşısının alınması üçün vaxtından 8 ay öncə gerçəkləşdirdi. Faktiki ölkədə hər hansı dəyişikliklər də gözlənilmirdi və bu da baş vermədi. Baxın, ötən 8 ayda ciddi siyasi hadisənin şahidi olmadıq. Sadəcə, bəzi şəxslər vəzifələrini itirdilər, mərkəzi və yerli icra strukturlarına yeni adamlar gətirildi. Bunları islahat adlandırmaq olmaz.”
“İdarəçiliyə yeni dəyərlər gətirilməlidir”
A.Məmmədlinin fikrincə, islahat strateji plan deməkdir: “ Nəyi dəyişmək və necə ölkə görmək istəyirlər suallarına cavab verilməlidir. İkinci, islahatlar dəyərlərin dəyişməsi deməkdir, idarəçiliyə yeni dəyərlər gətirilməlidir. Amma bunların şahidi olmadıq, istər sosial-iqtisadi, istər hüquqi dövlətə münasibətdə, istərsə də siyasi proseslərə yanaşmada dəyişiklik görmədik. İndi nə baş verdi ki, parlamentin də bu gedişatda rol aldığını görək?!”. (azadlıqradosu)















