Polisomnoqrafiya İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil ediləcək?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin qaynar xəttindən verilən məlumata görə, polisomnoqrafiya müayinəsinin gələcəkdə İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil edilməsi nəzərdə tutulur. Bu yeniliyin yuxu pozğunluqlarından əziyyət çəkən vətəndaşların müasir diaqnostik müayinələrə çıxış imkanlarını daha da genişləndirəcəyi gözlənilir.
Polisomnoqrafiya yuxu pozğunluqlarının diaqnostikasında istifadə olunan ən müasir və etibarlı müayinə üsullarından biridir. Yuxu laboratoriyasında aparılan bu müayinə zamanı pasiyentin yuxu ərzində beyin fəaliyyəti, ürək döyüntüləri, nəfəs ritmi, qanda oksigen səviyyəsi və digər həyati funksiyaları xüsusi avadanlıqlar vasitəsilə fasiləsiz izlənilir. Əldə olunan nəticələr yuxu pozğunluğunun səbəbinin dəqiq müəyyən edilməsinə və effektiv müalicə planının hazırlanmasına imkan verir.
Polisomnoqrafiya zamanı aşağıdakı göstəricilər qiymətləndirilir:
Beyin fəaliyyətləri (EEQ) – yuxu mərhələlərinin təyin edilməsi üçün;
Göz hərəkətləri (EOG) – REM və qeyri-REM yuxunun izlənməsi üçün;
Əzələ tonusu (EMG) – yuxuda hərəkətlərin təhlili üçün;
Nəfəs axını və nəfəs səyi – yuxu apnoesinin aşkarlanması üçün;
Oksigen səviyyəsi (SpO₂) – qanda oksigen səviyyəsinin qiymətləndirilməsi üçün;
Ürək fəaliyyəti (EKQ) – ritm pozğunluqlarının aşkarlanması üçün.
Bu müayinə əsasən aşağıdakı hallarda təyin olunur:
Xoruldama və yuxuda nəfəs dayanması (yuxu apnoesi) şübhəsi olduqda;
Gündüz həddindən artıq yuxululuq müşahidə edildikdə;
Yuxu ilə bağlı hərəkət və davranış pozuntuları zamanı;
Narkolepsiya və parasomniya şübhəsi olduqda;
Yuxu rejimi və keyfiyyəti pozulmuş pasiyentlərdə.
Polisomnoqrafiya adətən xüsusi təchiz olunmuş yuxu laboratoriyasında gecə boyu aparılır və yuxu apnoesi, narkolepsiya, parasomniya kimi xəstəliklərin diaqnostikasında beynəlxalq səviyyədə “qızıl standart” müayinə üsulu hesab olunur. Yeni xidmətin Xidmətlər Zərfinə əlavə olunması ilə yuxu pozğunluqlarının erkən diaqnostikası və müalicəsi daha əlçatan olacaq, vətəndaşların bu mühüm müayinədən icbari tibbi sığorta hesabına yararlanması mümkün olacaq.
Vüsal