Prezident ofisi: “Ukraynaya azı 50 əlavə MLRS lazımdır”

Ukrayna Silahlı Qüvvələrinə mümkün qədər qısa zamanda ən azı 50 effektiv reaktiv yaylım atəş sistemləri (RYAS), məsələn, ABŞ istehsalı olan HIMARS lazımdır.

Gununsesi.info  UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak ABŞ-ın Ukraynaya 270 milyon dollarlıq əlavə hərbi yardım göstərmək qərarını şərh edərkən teleqram hesabında bildirib.

“Prezident Volodimir Zelenski danışıqlar zamanı daha çox ağır silah əldə etməyi qarşıya məqsəd qoyur. Müttəfiqlərlə dialoqlarda isə biz mütəmadi olaraq ehtiyaclarımızı əsaslandırırıq. Başa düşürük ki, bizə HIMARS kimi ən azı 50 belə effektiv RYAS, özü də mümkün qədər tez zamanda lazımdır. Bu rəqəmə yaxınlaşmaq üçün hər şeyi edirik”, – A.Yermak yazıb.

Onun sözlərinə görə, Ukrayna ordusuna yüzlərlə “M777” haubitsa və aviasiya lazımdır. “Pilotlarımız təlim keçəcək və Qərbin qırıcılarını mənimsəyəcəklər”, – A.Yermak əlavə edib.

ABŞ artıq Ukraynaya 12 HIMARS sistemi verib və bu həftə daha 4 belə sistem vermək niyyətində olduğunu açıqlayıb. Ümumilikdə ABŞ və müttəfiqləri indiyədək Ukraynaya 20-dən çox belə sistem vermək öhdəliyi götürüblər.

Gununsesi.info