Prezidentin başçı təyin etdiyi general kimdir?

Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə üç rayona yeni icra başçıları təyin olunub.

Gununsesi.info Oxu.az-a istinadən xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Araz Süleyman oğlu Əhmədov təyin edilib. O, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olub. 2019-cu ildə general-mayor rütbəsi verilib.

Digər təyinat Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsidir. Bu vəzifəyə Elvin Nazim oğlu Paşayev gətirilib. O, Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbərinin müavini, İnsan Resursları şöbəsinin müdiri vəzifəsində işləyib. Bundan əvvəl ASAN Xidmətdə şöbə müdiri vəzifələrində çalışıb. Bununla yanaşı, o, Azərbaycan İnsan Resursları Assosiasiyası İctimai Birliyinin (AİRA) təsisçilərindən biridir.

Elvin Paşayev “Yeni klinika” tibb müəssisəsinin baş həkimi Cavid Paşayevin qardaşıdır.

Bu gün Əkbər Bəxtiyar oğlu Abbasov də Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

O, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzində direktor vəzifəsində çalışıb. İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat təhsili alıb, 34 yaşı var.

Ə.Abbasov Prezident təqaüdçüsü olub.

Gununsesi.info