Rasim Musabəyovun “popkorn” kimi siyasəti - Saffari yazır…

  • By Admin2
  • 05 İyul 2026 19:27

Hər dəfə Musabəyov parkından keçəndə, nədənsə, ağlıma pis-pis fikirlər və Rasim Musabəyov gəlir. Ağlıma pis-pis fikirlərin niyə gəldiyini bilməsəm də, Rasim Musabəyovun niyə gəldiyini dəqiq bilirəm. İlahi qüvvə istəyir ki, istirahətim pozulsun, parkda oturaraq dincələ bilməyim.

Rasim Musabəyov 125 nəfərdən biridir. Düzü, mən onu maraqlı adam hesab edirəm. Doğrudur, Siyavuş Novruzov qədər maraqlı olmasa da, o da özünə görə bir maraqlı deputatdır.

Ona görə ki, hər şeydən əvvəl o, Azərbaycanda bacanağı ilə birlikdə “Doğru Yol Partiyasını” təsis edib.

Doğrudur, sonradan onunla birgə partiyada olan Akif Nağı Rasim Musabəyova “Rusiyanın adamı” deyəcəkdi və beləcə, bu partiyanın doğruluğu da bir daha şübhə altına düşəcəkdi. Ancaq çox maraqlı və kədərli mənzərədir.

Vallah, sizə adi gəlməsin. Bir gün yeddi bacanaq susqun halda yol gedirmiş. Axırda biri dillənib ki, bir adam olsaydı, söhbət edərdik. Ancaq görürsünüzmü Rasim Musabəyovu?

Di gəl, məndən olsaydı, partiyanın adını elə “Bacanaqlar” qoyardı. Çünki o partiyada doğru yolun nə olduğu heç indi də bilinmir.

Yaxşı ki, Rasim Musabəyov yaradıcı adam deyil, yoxsa çox istedadsız olardı.

Təsəvvür edin ki, Doğru Yol Partiyası, yəni “DYP” hakimiyyətdədir. Bəs Dövlət Yol Polisinin adı nə olacaqdı?

İndi bir yolun doğruluğunu Rasim Musabəyov bacanağı ilə birlikdə təyin edirsə, başqa nə demək olar?

Rasim Musabəyovun maraqlı tərəfləri bitmək bilmir.

Ümumiyyətlə, Musabəyovlar nəsli siyasətdə həmişə seçilib. Ancaq necə?

Belə demək olarsa, birinci hökumətimizin çökməsində Musabəyovlar nəslinin göstərdikləri xidmətlər danılmazdır. Hələ o vaxt Müsavat Partiyasının güclənməsi Bakı kommunasını bərk qorxuya salmışdı. Məlum olduğu kimi, Şaumyanın da məqsədi Müsavatı ləğv etməkdən ibarət idi.

Bu məsələdə onun yaxın silahdaşı kimi Qəzənfər Musabəyovun xidmətləri tarixə öz damğasını vurub.

Babasının (Çox vaxt babası kimi qeyd olunsa da, özü atasının dayısı olduğunu deyir) davamçısı olan Rasim Musabəyovun da yolu Müsavatdan keçdi.

Daha dəqiq, 1992-ci ildə Rasim Musabəyov İsa Qəmbərin rəhbərliyi ilə təsis edilən Müsavat Partiyasının Divan üzvülüyündə göründü.

Ancaq babasının xidmətinin davamı olaraq burada da qərar tutmadı.

Məndən olsa, İsa Qəmbər buna razı olmamalı idi. Mahiyyəti fərqli olsa da, tarixin bu cür təkrarlanmasına şərait yaratmamaq daha yaxşı hal olardı.

Qəzənfər Musabəyovun bacısının əri Həmid Sultanov (daxili işlər naziri) isə Gəncə üsyanını yatıranlardan olub və buna görə ordenlə mükafatlandırılıb. Üsyan zamanı Azərbaycan ziyalısı Firidun bəy Köçərlinin güllələnməsinə hökm verib.

Rasim Musabəyovun bir açıqlamasını da xatırlayıram.

O vaxt Rusiyanın “NTV” kanalına Rusiya-Türkiyə sülhməramlıları ilə bağlı müsahibə vermişdi. Müsahibəsində Türkiyə Ordusunun Dağlıq Qarabağa gəlməməli olduğunu və əks təqdirdə bunun regiondakı təhlükəsizliyə xələl gətirə biləcəyini qeyd edib.

Yəqin ki, bu barədə əlavə şərhə ehtiyac yoxdur, hər şey aydın olur.

Ancaq onu da qeyd etməkdə fayda var ki, 1918-ci ildə Nuru Paşa Bakının bolşevik-daşnaklardan azad etməyə gələndə Qəzənfər Musabəyov da türklərə qarşı döyüşürdü. Türkçülüyə, Türkiyə ordusuna qarşı Bakıda gizli dərnəklərin yaradıcılarından idi.

Son olaraq, Rasim Musabəyovun fəaliyyətin ən dəhşətli, kədərli, repressiv və depressiv məqamı bir neçə il əvvəl baş verən “popkorn” söhbəti idi.

“Dünən axşam Azneft meydanı yaxınlığında yeraltı keçid popkorn qoxusundan azad oldu. Müşahidə aparıb baxarıq nə qədər müddət davam edəcək. Bu kiçik məsələ olsada, ictimaiyyətin fəal reaksiyası onun önəmli olduğunu göstərir”- deyə Rasim Musabəyov yazmışdı.

Rasim Musabəyov popkorn satan uşaqla bağlı status yazaraq, onu şəhər sakinlərini zəhərləməkdə, elektrik enerjisindən pulsuz istifadə etməkdə, vergidən yayınmaqda da ittiham etmişdi. 

Statusdan sonra popkorn satan uşaq oradan kənarlaşdırılmışdı. Halbuki deputatın işi onu uzaqlaşdırmaq yox, elə yaxınlaşıb ondan popkorn almaq idi.

O isə popkornu uşağın əlindən almışdı. Uşağın popkornu ilə oynamaq lazım deyil idi, Rasim bəy. Ancaq nuş olsun!

Rasim Musabəyov politoloq olanda dil boğaza qoymurdu. Siyasi fəaliyyəti genişləndi, deputat olandan sonra da susdu. Ancaq əksi olmalı deyildimi?

Ümumiyyətlə, bəzən mənə elə gəlir ki, Rasim Musabəyov siyasətçi yox, simvoldur. O, konkret bir şəxsdən çox, Azərbaycanda uzun illər formalaşmış siyasi təfəkkürün obrazıdır.

Elə bir təfəkkür ki, hər mövzuda danışır, amma ən vacib mövzularda susur.

Elə bir təfəkkür ki, küçədə popkorn satan uşağın tüstüsünü təhlükə hesab edir, amma cəmiyyəti boğan daha ağır problemlərin tüstüsünü görmür.

Deputatlıq qəribə peşədir. Adamı xalq seçir ki, xalqın dərdini danışsın. Amma bəzən elə olur ki, deputat xalqın dərdindən çox xalqın popkornuna fikir verir.

Rasim Musabəyov haqqında düşünəndə məni ən çox təəccübləndirən onun dedikləri yox, demədikləridir. Gör, danışanda belə danışır, hələ danışmadığı nələr var?

Ona görə də Musabəyov parkından keçəndə mənə ağaclar yox, tarix görünür. Mən bu tarixə əsəbləşdiyim üçün istirahət edə bilmirəm, ağlıma da pis-pis fikirlər buna görə gəlir.

Sonra da yoluma davam edirəm.

Bir gün bu park sökülsə də, Musabəyov mənim yadımda apardığı popkorn kimi siyasətlə qalacaq.

Orxan Saffari

Gununsesi.info