MEDİA-nın sorğusu cəmiyyətin siyasi proseslərə rasional yanaşdığını göstərir

“MEDİA-nın keçirdiyi sorğunun nəticələri Prezident İlham Əliyevə göstərilən etimadla yanaşı, Azərbaycan cəmiyyətinin siyasi prosesləri sağlam məntiqlə qiymətləndirdiyini də göstərir”.

Gununsesi.info bildirir ki, bunu Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli vurğulayıb:

“Sorğudan aydın olur ki, vətəndaşların siyasi mövqeyi qısamüddətli emosiyalara və ya təsadüfi təsirlərə deyil, son illərdə ölkədə baş verən fundamental dəyişikliklərin qiymətləndirilməsinə əsaslanır. Dövlət təhlükəsizliyinin təmin edilməsi, suverenliyin möhkəmləndirilməsi, sabitliyin qorunması, müstəqil xarici siyasətin həyata keçirilməsi və Azərbaycanın beynəlxalq nüfuzunun artması ictimai rəyi formalaşdıran əsas amillər kimi çıxış edir”.

 Müşfiq Ələsgərlinin fikrincə, sorğunun ən mühüm mesajlarından biri də cəmiyyətin siyasi proseslərə rasional yanaşması və dövlət idarəçiliyini konkret nəticələr əsasında qiymətləndirməsidir.

“Bu baxımdan əldə olunan göstəricilər təkcə mövcud ictimai əhval-ruhiyyəni deyil, həm də Azərbaycan cəmiyyətində milli maraqlar, dövlətçilik və uzunmüddətli inkişaf prioritetləri ətrafında formalaşmış siyasi konsensusu əks etdirir”.

Qeyd edək ki, Medianın İnkişafı Agentliyi 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibətini öyrənmək, bu sahədə dinamika və tendensiyaları təhlil etmək məqsədilə ictimai rəy sorğusu keçirib.

Sorğunun nəticələri Prezident İlham Əliyevin siyasi liderliyinə və strateji fəaliyyətinə ictimai dəstəyin yüksək səviyyədə olduğunu göstərib.

Nəticələrdə Prezident İlham Əliyevə respondentlərin etimad səviyyəsi ümumilikdə 87.7 faiz təşkil edir. Bu göstərici ölkədə hər 10 nəfərdən təxminən 9-nun Prezident İlham Əliyevə etimad etdiyini təsdiqləyir.

 

Şəbnəm

Gununsesi.info