Rusiya ordusu Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirib

  • By admin
  • 24 Fevral 2022 22:14

Rusiya ordusu Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanının müşaviri Alena Şevtsova məlumat verib.

“Ruslar Çernobıl stansiyasını ələ keçiriblər. Stansiya işçiləri girov saxlanılır”, o yazıb.

Daha öncə Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirməyə çalışdığını bildirmişdi. O, bu barədə Twitter səhifəsində yazmışdı.

“Müdafiəçilərimiz 1986-cı il faciəsinin bir daha təkrarlanmaması üçün canlarını verir. Mən bu barədə İsveçin baş nazirinə məlumat verdim. Bu, bütün Avropaya müharibə elanı deməkdir” – deyə, Zelenski bildirib.

Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşenkonun daha əvvəl bildirdiyinə görə, hərbçilər Belarus ərazisindən Çernobıl Atom Elektrik Stansiyasının zonasına daxil olub.

Geraşenko “Radioaktiv tullantılarının olduğu anbarı qoruyan Milli Qvardiya düşmənlə döyüşə girib. Əgər işğalçıların artilleriya zərbələri nəticəsində nüvə tullantılarının anbarı məhv olarsa, o zaman radioaktiv toz Ukrayna, Belarus və Avropa İttifaqı ölkələrinin ərazilərini bürüyə bilər” yazıb.