Etiraf etmək lazımdır ki, Alim Qasımovun qızı Fərqanə Qasımova Azərbaycanda xanım müğənnilər arasında ədəb-ərkanına, əxlaqına görə seçilən sənət adamlarından biridir. Yəni Azərbaycan musiqisində, xüsusən qadınlar arasında vəziyyət o yerdədir ki, təkcə buna görə də təşəkkür etmək lazım gəlir.
Ancaq bu təşəkkürdən Fərqanə xanımın sənətinə pay düşmür.
Doğrudur, o, bacarmasa da, bütün hallarda başını aşağı salaraq işi ilə məşğuldur və ucuz intriqalara da girməyib. Ancaq o da heç şübhəsiz ki, insanı keyfiyyətlər ayrıdır, sənət keyfiyyətləri isə ayrı.
Yazıya başlayarkən boş yerə Fərqanə Qasımovanın atasının adını qeyd etmədim. Əlbəttə, var bir məqsədim.
Düşünürəm ki, Fərqanə xanımın adı atasından kənarda yoxdur. Ona yanlız Alim Qasımovun qızı deyəndə xanəndə kimi xatırlanır. Yəni bildiyimiz ata kölgəsindən çıxa bilməmək məsələsi.
Atasının kölgəsindən çıxa bilməyən sənət adamları çoxdur. Gərək ki, Fərqanə xanım buna görə çox da pis olmasın, əksinə, elə ancaq bununla fəxr eləsin. Çünki fəxr edəcək çox da böyük bir sənəti yoxdur.
Lakin bu kölgə məsələsində də bir xüsusluq var.
Mütləq şəkildə deməliyəm ki, Fərqanə xanım heç atasının yanında oxuyanda da görünmür.
Məsələn, onlar ikisi birlikdə oxuyanda qulaq asırsan, di gəl, adamın yadında Alim Qasımov qala bilir. Fərqanə xanımın olmağı ilə olmamağı isə heç nəyi dəyişmir. Əksinə, adamın gözünün, qulağının yorulduğu olur.
Yaxşı, belə deyilsə, görəsən, Fərqanə Qasımova adını deyəndə Azərbaycanda neçə nəfərin yadına Alim Qasımovun qızı olduğu yox, məhz ifaları düşür?
Elə bilirəm, məsələn, insanlar internerdə Alim Qasımovun ifalarını yazıb dinləyəndə proqram avtomatik Fərqanə Qasımovanı da onların qabağına çıxarır və üç-beş nəfər Alim Qasımova xatir dinləyir.
Əgər Alim Qasımov çıxıb xalçanın üstündə də oxuya bilirsə, Fərqanə Qasımova heç yerdə oturub da yaxşı oxuya bilmir.
Hərdən mənə elə gəlir ki, Alim Qasımov Fərqanə Qasımovanın da yerinə oxuyur. Zilə qalxanda bir az da ona görə qalxır.
Şübhəsiz, ata ürəyi belə şeydir.
Məncə, Fərqanə Qasımova musiqinin içində yox, həmişə musiqinin yanında dayanıb.
Digər tərəfdən, onlar sənətdə iki nəfərdilər, yaddaşlarda isə bir səs.
Fərqanə Qasımova, heç olmasa, atasının səsini təqlid edə bilsəydi, yenə dərd yarı idi. Ancaq təəssüf ki, bunu da müşahidə etmək olmur.
Belə deyilsə, fikirləşin, Alim Qasımovun adı olmadan Fərqanə Qasımova haqqında cəmi beş dəqiqə danışmaq mümkündürmü?
Möhürünü vurduğu ifalar belə yoxdur, musiqi ilə xatırlana bilmir. Nədən danışasan?
Ümumiyyətlə, Fərqanə Qasımova haqqında danışan, söhbətə yenə də Alim Qasımov girir, məsələ onunla başlayır, elə qurtaranda da Alim Qasımovla qurtarır.
Ümumiyyətlə, Fərqanə Qasımova müstəqil sənətkar kimi yox, Alim Qasımovun bioqrafiyasına əlavə edilmiş haşiyədir. Səhnəyə çıxır, oxuyur, konsert verir, amma bütün bunların fonunda yenə bir sual dolaşır: “Bəs Alim müəllim necə idi?”
Əslində, insan ömrü boyu atasının kölgəsində qala bilər. Bu, faciə deyil. Faciə odur ki, həmin kölgədən çıxmaq üçün heç bir cəhd də hiss olunmur. Sənət tarixində böyük sənətkarların övladları az olmayıb. Kimisi atasını təqlid edib, kimisi ondan tamamilə fərqli yol seçib, kimisi də öz möhürünü vurub. Fərqanə Qasımovada isə nə fərqli yol görünür, nə də yadda qalan möhür.
Ən maraqlısı da budur ki, onun haqqında yazılan yazıları oxuyursan, müsahibələrinə baxırsan, təqdimatlarını dinləyirsən, ancaq hər yerdə eyni ssenaridir.
“Alim Qasımovun qızı”, “Alim Qasımovun davamçısı”, “Alim Qasımovla duet”.
Bir dəfə də olsun “Fərqanə Qasımovanın yaratdığı məktəb”, “Fərqanə Qasımovanın ifası ilə məşhurlaşan muğam”, “Fərqanə Qasımovanın ifadı” kimi ifadəyə rast gəlmək olmur.
Orxan Saffari











