Azərbaycan Zəfəri ilə Qarabağda son 200 ildə qurulan geosiyasi monopoliyanı, məğlubiyyət status-kvosunu iflasa uğradıb.
Gununsesi.info xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək” mövzusunda elmi konfransda səsləndirib.
Z.Oruc bildirib ki, tarixi müstəmləkəçilikdən ibarət olan Fransanın müxtəlif diplomatik-siyasi pərdələrlə örtülən son 30 illik siyasəti indi açıq-aşkar ortaya çıxıb.
“Fransanın Avropa Parlamenti, Avropa Şurası, Avropa İnsan Hüquqları Məhkəməsi, Beynəlxalq Ədalət Məhkəməsi, Lemkin İnstitutu, beynəlxalq media və digər mexanizmlər vasitəsilə Cənubi Qafqazda yenidən yerləşmək cəhdləri Ermənistandan alət kimi faydalanmaq planıdır və təəssüf ki, tarixi İrəvan şəhəri onun müstəmləkə siyasətinə tabe etdirilib, Fransa “böyük Ermənistan”a çevrilib. Parisə Qafqazda sülh gərək deyil”, – deyə komitə sədri diqqətə çatdırıb.
Onun sözlərinə görə, bu günlərdə Rusiya sülhməramlı qüvvələrinin iki dövlətin rəhbərləri arasında razılaşma əsasında Qarabağdan çıxması nəinki Fransanı, o cümlədən ABŞ-ı narahat edib. Onlar qanlı toqquşmalar gözləyirdilər, lakin buna nail ola bilmədilər.
Gununsesi.info