Tayvan Böhranı: XXI Əsrin Geosiyasi Mübarizəsi və ABŞ-Çin Qarşıdurması - Kamran Cəfərov

  • Müəllif: Orxan
  • 26 Avqust 2025 12:46

Son illərdə ən böyük potensial təhlükə ocaqlarından biri kimi Tayvan boğazı ön plana çıxır. Çin Xalq Respublikasının Sədri Si Cinpin açıq şəkildə Tayvanın “yenidən birləşdirilməsi” hədəfini bəyan edib.

Lakin burada mühüm tarixi nüans var: Tayvan adası heç vaxt hazırkı Pekin hökumətinin birbaşa idarəsi altında olmayıb. Bundan başqa, Si Cinpin anlayır ki, vəziyyət Putinin Ukrayna məsələsində gördüyünə bənzəyir – Tayvan cəmiyyəti hər il Pekindən daha da uzaqlaşır və “birləşmə” ideyasına maraq sürətlə zəifləyir.

Tayvan böhranı sadəcə Çinlə Tayvan arasında hərbi qarşıdurma riski deyil, bu, XXI əsrdə beynəlxalq güc balansının hansı istiqamətə dəyişəcəyinin əsas sınağıdır. Necə ki, Baltikyanı ölkələrdə baş verə biləcək münaqişə NATO-nun iradəsini yoxlaya bilər, Tayvan məsələsi də ABŞ və Çin arasında liderlik uğrunda mübarizənin mərkəzində dayanır.

ABŞ-nin Tayvanı müdafiə etməklə bağlı formal müqavilə öhdəlikləri olmasa da, Vaşinqton uzun illərdir, siyasi və hərbi dəstəyini açıq şəkildə ifadə edir.

Siyasi analitiklər hesab edirlər ki, Si Cinpin 2027-ci ili ordunun Tayvan əməliyyatına tam hazır olmalı olduğu tarix kimi müəyyənləşdirib. Son illərdə Çin Xalq Azadlıq Ordusu amfibiya qoşunlarını, raket qüvvələrini və dəniz desant potensialını misli görünməmiş səviyyədə genişləndirib. Pekin mütəmadi olaraq Tayvan istiqamətində kütləvi hərbi təlimlər keçirir.

Si Cinpin, özünü Çin tarixində “transformativ lider” kimi göstərmək niyyətindədir. Tibetdə və Honq-Konqda mərkəzi nəzarəti gücləndirən Pekin üçün, Tayvan “tamamlanmamış missiya” kimi qalır. 2020-ci illərin sonuna yaxınlaşdıqca, Si üçün Tayvan məsələsi həm şəxsi siyasi irs, həm də ölkənin milli birliyi baxımından strateji prioritetə çevrilir.

Tayvanın daxili siyasi tendensiyası, xüsusilə də Çindən uzaqlaşan siyasi kursu, Si Cinpini “pəncərənin bağlanacağı” qorxusu ilə daha kəskin addımlar atmağa sövq edə bilər.

Bununla belə, Çinin Tayvan əməliyyatı hələ də çoxsaylı ciddi risklərlə müşayiət olunur:

1. Ordunun real döyüş təcrübəsinin olmaması – ÇXAO sonuncu dəfə 1979-cu ildə Vyetnamla qısamüddətli münaqişədə iştirak edib. O vaxtdan bəri Çin ordusunda faktiki döyüş təcrübəsi olan kadrlar demək olar ki, qalmayıb.

2. Korrupsiya və daxili parçalanma – Orduda davamlı kadr təmizləmələri və korrupsiya qalmaqalları Si Cinpinin ordunun tam sədaqətinə şübhə ilə yanaşmasına səbəb olur.

3. Əməliyyatın miqyası və mürəkkəbliyi – Tayvan boğazını keçərək tammiqyaslı amfibiya hücumu müasir tarixdə ən çətin hərbi əməliyyatlardan biri hesab olunur. ABŞ və müttəfiqlərin müdaxiləsi riski isə planı daha da mürəkkəbləşdirir.

4. Ukrayna dərsi – Rusiya ordusunun 2022-ci ildə Ukraynada üzləşdiyi uğursuzluqlar Pekinə əlavə ehtiyatlılıq aşılayıb. Kağız üzərində asan görünən ssenarilər real döyüş şəraitində tamamilə fərqli nəticələr verə bilər.

Tayvan böhranı XXI əsrdə ABŞ və Çin arasında güc balansının taleyini müəyyən edə biləcək əsas sınaqlardan biridir. Əgər Pekin Tayvanı hərbi yolla ələ keçirsə, bu, Cənub-Şərqi Asiyada və Sakit okean hövzəsində mövcud ittifaqlar sistemini dərhal sarsıdacaq. Yaponiya və Cənubi Koreya kimi ölkələr ABŞ-nin təhlükəsizlik zəmanətlərinə şübhə ilə yanaşaraq, hətta nüvə silahı proqramlarını sürətləndirmək qərarına gələ bilərlər.

Kamran Cəfərov

Gununsesi.info