Vəkilini Əli Əliyevin yanına buraxmadılar - VİP SƏDRİNİN YENİ İTTİHAM ÜZRƏ MƏHKƏMƏSİ BAŞLAYIR

  • By admin
  • 26 Oktyabr 2022 18:19

Vəkil Şəhla Hümbətova Bakı İstintaq Təcridxanasında saxlanılan VİP sədri Əli Əliyevin görüşünə buraxılmayıb.

Bu barədə Gununsesi.info-ya vəkil özü bildirib.

Onun sözlərinə görə, təcrdxana qapısında 1 saat gözlədiləndən sonra onun görüşə keçməsi üçün hakim məktubu tələb olunub.

O, bu tələbin qanunsuz olduğunu bildirib.

Qeyd edək ki, sabah Bakının Sabunçu Rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə “Vətəndaş və İnkişaf” Partiyasının həbsdə olan sədri Əli Əliyev barəsində cinayət işi üzrə hazırlıq iclası başlayacaq.

Qeyd edək ki, bu ilin sentyabrında Əli Əliyevə qarşı dördüncü cinayət işi açılıb. Bu dəfə o, kamera yoldaşını döyməkdə ittiham olunur. Əli Əliyev ittihamı təkzib edib, saxta və siyasi motivli ittiham adlandırıb.

Xatırladaq ki, Əli Əliyev bu il yanvarın 13-də Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti Emil Cəfərovun şikayəti əsasında böhtan ittihamı ilə (CM-in 147.1-ci maddəsi) 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Aprelin 15-də məhkəmə DSX-nin digər zabiti Ramin Ədilovun Əliyevə qarşı şikayətini də təmin edərək, cəza müddətini bir ay uzadıb.

İddialara Əli Əliyevin 2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə məxsus Mİ-17 helikopterinin qəzaya uğraması nəticəsində adı çəkilən zabitlərin sağ qalmasının qeyri-mümkün olması və helikopterin Rusiya tərəfindən vurulması ehtimalı barədə mətbuata açıqlaması səbəb olub. Ötən ilin noyabrında Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində bu qurumun 14 zabiti həlak olub, ikisi isə sağ qalıb.

Əli Əliyev hər iki hökmü rədd edərək, həbsini “sifariş” adlandırıb.

İyunun 23-də Yasamal rayon məhkəməsi hakim Yeni Azərbaycan partiyasının keçmiş funksioneri Ramiz Göyüşovun şikayətini təmin edərək, Əliyevin həbs müddətini 1 ilə qədər artırıb. Əli Əliyev 2021-ci ilin sentyabrında Bumeranq TV-yə videomüsahibəsində Göyüşovu “dovşan”, “hərif” və “masturbant” adlandırdıqdan sonra Göyüşov məhkəməyə müraciət edib.

Hüquq müdafiəçiləri Əliyevi siyasi məhbus kimi tanıyıblar.

 

Gununsesi.info