
“Belə görünür ki, quru sərhədlər ancaq Azərbaycan vətəndaşları üçün bağlıdır. Əcnəbilərin quru yolla Azərbaycana daxil olmasında problem yoxdur.
Quru sərhədlərin bağlanmasından əvvəlki ildə – 2019-cu ildə Azərbaycana gələn əcnəbilərin 58,7%-i quru yolla (dəmir yolu və avtomobil) ölkəyə daxil olub”.
Bunu Gununsesi.info-ya araşdırmaçı Allahverdi Aydın bildirib.
Qeyd edək ki, Nazirlər Kabinetinin Azərbaycanda karantin rejimini mayın 1-dək uzatması ilə ölkənin quru sərhədlərinin açılması gündəmdən çıxdı.
Ekspertin sözlərinə görə, 2020-ci ildə ölkəyə quru yolla girən əcnəbilərin sayı çox olub: “Bu göstərici 70% olub. Yəni, quru sərhədlər bağlı olsa da, xaricilərin 70%-i ölkəyə quru yolla daxil olub.
2021-ci ildə isə gələnlərin 49,8%-i quru yolla Azərbaycana daxil olub. Yəni, ölkəyə gələn əcnəbilərin yarısı – nə az, nə çox düz 394 min nəfər quru yolla Azərbaycana daxil olub.
2021-ci ildə Azərbaycana gələn İran vətəndaşlarının sayı da bir xeyli olub – 125 min nəfər olub. Ötən il isə Azərbaycana 170 min İran vətəndaşı gəlib”.
Allahverdi Aydının sözlərinə görə, hökumət bu anormal vəziyyətə izah vermək əvəzinə ölkəyə quru yolla daxil olan əcnəbilərin statistikasını gizlətmək qərarına gəlib: “Dövlət Statistika Komitəsi soruşuram, əgər burda şübhəli məqam yoxdursa, o zaman niyə əvvəllər açıq olan məlumatı uzun illər sonra birdən-birə gizli saxlamaq qərarına gəlmisiniz?”.
Afət Abbasova
Gununsesi.info