Yaxşı qonşu olmağın yolu

  • By admin
  • 07 Avqust 2020 10:05

Cəmiyyət ailələrdən ibarətdir. Ona görə də qonşular gərək bir-birinin rahatlığını təmin etsinlər. Hər bir müsəlman qonşusunun varlığına görə narahat olmamalı və ona etimad bəsləməlidir. Cəmiyyətdə hər nə qədər qardaşlıq ruhiyyəsi hakim olarsa, insanlar bir-birinə qarşı daha çox səmimi və mehriban olarlar. İki qonşu bir-birinin dayağı olurlar. Qəmlərində, şadlıqlarında, əziyyətlərində bir-birinə şərik olurlar. Ancaq Qərbə bənzər cəmiyyətlərdə dini çalarlar zəif olduğundan, həyatları daha soyuq və süst olar. Bu zaman insanlar arasında olan bir divar bir neçə divara çevrilir və hamı bir-birindən xəbərsiz halda yaşayır.

Bəs qonşu nə deməkdir? Bizim ona qarşı vəzifəmiz nədir?

Gözəl evin olsun, ancaq qonşuların sənə əziyyət verən insanlar olsunlar – bu evin heç bir dəyəri olmaz. Aqil insanlar elə yerdə ev alırlar ki, qonşuları ruhi cəhətdən sağlam insanlar olsunlar. Əks halda ya gərək evi dəyişdirəsən, ya da bir ömür əzab və əziyyət içində yaşayasan.

Həzrət İmam Əli (ə) İmam Həsənə (ə) yazdığı məktubda belə buyurur: “Səfərdən qabaq həmsəfərindən soruş və evdən qabaq qonşudan”.

Yaxşı qonşu – dəyərli nemət deməkdir. Yaxşı qonşu olmaq məhəbbət yaradar.

İmam Əli (ə) buyurur: “O kəsin ki, qonşuluğu yaxşı olar, qonşularının sayı günü-gündən artar”.

İmam Sadiq (ə) buyurur: “Yaxşı qonşu həm abad yerləri daha da abadlaşdırar və həm də ömürləri artırar”.

Bəzən qonşunun əziyyətinə dözmək də lazımdır. Bu yaxşı qonşu olmağın şərtlərindəndir. Bizim boynumuza düşən haqq odur ki, qonşumuza əziyyət verməyək. Əgər istəyiriksə ki, rabitələrimiz qırılmasın – səbirli olmalıyıq. Əgər biz də onun kimi pislik etsək, onda ruhumuza həqarət etmiş olarıq. Bundan başqa bu işi hamı bacara bilər. Ancaq iradə və imanın tələb etdiyi şey – səbirli olmaqdır.

İmam Kazım (ə) buyurur: “Yaxşı qonşu olmaq təkcə əziyyət verməmək deyildir. Bəlkə qonşunun əziyyətləri qarşısında səbirli olmaqdır”.

Qonşuya əziyyət vermək və onun yaşayışına narahatlıq yaratmaq – ən pis ictimai rəftar sayılır. Bəzən bu rəftar o yerə çatır ki, xəttin sonudur. Bir-birinin hörmətini yerə vurur. Çünki insanlara əziyyət verən qonşu özü hörmətini saxlamamışdır.

Belə bir hədis vardır ki, bir kişi Peyğəmbərin (s) xidmətinə gəlir. Qonşusunun əziyyətindən şikayət edir. Həzrət (s) buyurur: “Get və döz”.

İkinci dəfə yenə Peyğəmbərin (s) yanına gəlir. Yenə gileylənir və Həzrət (s) yenə həmin sözləri deyib yola salır.

O zaman ki, üçüncü dəfə şikayət üçün gəlir, Həzrət (s) bu cür yol göstərir: “Cümə günü insanlar cümə namazına gedəndə sən evindəki bütün əşyalarını bayıra tök və insanların gedib-gəldiyi yolda səpələ. Onların hamısı bu səhnəni görsünlər. O zaman ki, bunun səbəbini soruşacaqlar, macəranı onlara danış”.

Kişi belə edir. Qonşu abrının gedəcəyindən qorxuya düşür, tələsərək, ona tərəf gedir. Xahiş edir ki, əşyalarını evinə aparsın və söz verir ki, bir daha bu cür rəftar etməyəcəkdir”.

Ona görə deyə bilərik ki, səbrin də öz ölçüsü vardır və ondan sui-istifadə etmək lazım deyildir. Qonşunun nəcibliyini zəiflik kimi qəbul etmək yanlışdır.

Qonşuluq haqqı.

Qonşuluq haqqı ancaq ona əziyyət verməməklə bitmir. Ona baş çəkmək, ehtiyaclarını aradan qaldırmaq, hal-əhval tutmaq, gedib-gəlmək, yardım etmək, infaq və sədəqə vermək, dərdləşmək – hər bir qonşunun boynuna düşən vəzifələrdir. Əgər bu haqq hər dörd tərəfdə olan qonşular arasında riayət olunarsa, yoxsul və ehtiyacı olan bir nəfər qalmaz.

Həmin günün arzusu ilə çalışaq.

Gununsesi.info