“Əməyi keçən hər kəsə təşəkkür edirəm” – Mayor Ziya Kazımovun vəkilindən açıqlama

  • By admin
  • 24 Fevral 2021 16:26

“Qarabağ qazisi, 3 aydır həbsdə olan mayor Ziya Kazımovun ev dustaqlığına buraxılmasında əməyi olan hər kəsə təşəkkür edirəm. Mən prosesə qoşulandan sonra onun həbsinə səbəb olmuş bəzi məqamlar Hərbi Prokurorluğun əməkdaşları tərəfindən araşdırıldı. Onu da qeyd edim ki, bundan əvvəl də istintaq orqanı mayorun keçdiyi şərəfli döyüş yolu ilə bağlı obyektiv araşdırma apararaq lazımi materiallar toplamışdı”.

Bu sözləri “AzPoltika.info”-ya açıqlamasında Ziya Kazımovun vəkili Bəhruz Bayramov bildirib. Vəkil qeyd edib ki, istintaqın gedişi zamanı onun iştirakı ilə Z.Kazımov keçdiyi döyüş yolu ilə bağlı 9 saat ifadə verib.

“27 sentyabrda, hərbi əməliyyatlara qoşulan gündən noyabrın 7-də – kontuziya alanadək keçdiyi döyüş yolu bir daha araşdırıldı. Hərbi Prokurorluq məndən öncə bununla bağlı müvafiq sorğular vermişdi. Nəticədə bu gün Ziya Bakı Hərbi Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxıldı,”- deyə B. Bayramov vurğulayıb.

Vəkil Qarabağ qazsinin azadlığa buraxılmasında əməyi keçən, mənəvi dəstəyini əsirgəməyən hər kəsə, hər bir təşkilata təşəkkürünü ifadə edib: ”İstinaq orqanı olaraq Hərbi Prokurorluq müdafiə etdiyim şəxsin ev dustaqlığına buraxılmasına heç bir etiraz bildirmədiyinə görə onlara da ayrıca təşəkkür edirəm”.

Gununsesi.info