ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Rusiyanın sülh prosesinə ciddi maraq göstərməməsi səbəbindən əlavə sanksiyalar tətbiq edib.
Bu barədə Xəzinədarlıq Departamentinin mətbuat xidməti məlumat yayıb.
“Bugünkü sanksiyalar Rusiyanın iki ən böyük neft şirkəti olan “Rosneft” və “Lukoyl”u hədəf alır”, – bəyanatda deyilir.
Gununsesi.info -ya danışan siyasi ekspert Şahin Cəfərli mövzunu belə şərh edib:

“Bazarın bu qərara reaksiyası – neftin bahalaşması sanksiyanın ciddi olduğunu göstərir.
Bayden dövründə, o da prezidentliyinin son həftələrində, cəmi 2 Rusiya şirkətinə – “Qazpromneft” və “Surqutnefteqaz”a qarşı bu tip sanksiya tətbiq olunmuşdu.
Prezident Tramp öz növbəsində Putinlə planlaşdırılan görüşü ləğv edib. (Bu görüşdən öz seçkiqabağı təbliğatında faydalanmaq istəyən Viktor Orban üçün pis xəbər).
ABŞ maliyyə naziri Bessent bildirib ki, Rusiya mövcud təmas xəttində atəşkəsə razılaşmasa, sanksiyalar genişləndiriləcək”.
Onun sözlərinə görə, daha bir vacib xəbər odur ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Rusiyanın 20 min ukraynalı uşağı oğurlaması səbəbi ilə terrorçu dövlət kimi tanınması barədə qanun layihəsini yekdilliklə qəbul edib:
“Putini sülhə gətirmək üçün 9 aylıq cəhdləri nəticə vermədikdən sonra Tramp Rusiyaya qarşı təzyiq siyasətinə keçməyə məcbur oldu. Bunu əslində ənənəvi siyasətə dönüş kimi qiymətləndirmək lazımdır”.
Şəbnəm












