“Rusiya “3+3″ platformasında israr etməklə İranla birlikdə ABŞ və Avropa İttifaqını institusional baxımdan Güney Qafqazdan kənarda saxlamağa çalışır”.
Gununsesi.info bildirir ki, bunu politoloq Qulamhüseyn Əlibəyli deyib:

“Həm Moskva, həm də Tehran uzun müddətdir region problemlərinin yalnız region dövlətləri tərəfindən həll edilməli olduğunu bildirirlər. “3+3” formatı bu yanaşmanın diplomatik ifadəsi olmaqla yanaşı, kollektiv Qərbin regiondakı institusional rolunu məhdudlaşdırmağa yönəlmiş mexanizm kimi də qiymətləndirilə bilər. İranın bu platformada Rusiya ilə birlikdə çıxış etməsi həm Qərbin təsirinin qarşısını almağa, həm də Moskva ilə Tehranın fəaliyyətini əlaqələndirməyə xidmət edir.
Moskvanın bu formata marağının digər səbəbi Ukraynaya qarşı müharibədən sonra yaranmış beynəlxalq təcridi yumşaltmaq istəyidir. Bir çox beynəlxalq platformalarda iştirak imkanları məhdudlaşan Rusiya yeni çoxtərəfli mexanizmlərə xüsusi önəm verir. Bu baxımdan “3+3” formatı Rusiyanın hələ də regional diplomatiyanın ayrılmaz hissəsi olduğunu göstərmək və həm Qərbə, həm də daxili ictimaiyyətə “Rusiya təcrid olunmayıb” mesajı vermək vasitəsi kimi qiymətləndirilə bilər.
Rusiyanın israrını şərtləndirən digər amillər sırasında Türkiyə və Azərbaycanın artan beynəlxalq nüfuzu, onların “orta güc” kimi möhkəmlənməsi və gələcək regional təhlükəsizlik sisteminin necə qurulacağı dayanır. Moskva artıq Ankara və Bakının artan rolunu qəbul edir və bu dövlətlərlə institusional əməkdaşlığı “3+3” çərçivəsində davam etdirməyə üstünlük verir.
Bununla yanaşı, Rusiyanın marağında Güney Qafqazın gələcək təhlükəsizlik arxitekturası da mühüm yer tutur. Təhlükəsizlik mexanizmləri “3+3” platforması çərçivəsində formalaşarsa, Rusiya və İran bu sistemin ayrılmaz iştirakçılarına çevriləcək və proseslərə təsir imkanlarını qoruyacaqlar. Əks halda, təhlükəsizlik mexanizmlərinin bu platformadan kənarda qurulması Moskva və Tehranın regiondakı təsirini daha da zəiflədə bilər.
Beləliklə, Rusiyanın “3+3″ formatına xüsusi marağı iqtisadi deyil, əsasən geosiyasi zərurətdən irəli gəlir. Bu, dəyişən geosiyasi şəraitdə Moskvanın yeni regional düzəndə mövqeyini qorumaq və Güney Qafqazdakı rolunu itirməmək cəhdidir”.
Şəbnəm








