“Problemli kreditlər gələn il 1 milyard manatı keçə bilər”

Azərbaycanda problemli kreditlərin məbləği son bir ildə 37%-ə yaxın, yəni təxminən 268 milyon manat artıb.

Bu il avqustun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 723 milyon manat təşkil edib.

Bu məbləğ iyulun 1-i ilə müqayisədə təxminən 4 milyon manat, iyunun 1-nə nisbətən isə 88 milyon manata yaxın artıb.

Problemli kreditlər ilin əvvəli ilə müqayisədə 30 faizə yaxın, ötən ilin eyni dövrü ilə müqayisədə isə 36 faizdən çox yüksəlib.

Rəsmi qurumlar problemli kreditlərdəki artım tendensiyasını hələlik şərh etməyiblər. Müstəqil ekspertlər isə bu prosesi əhalinin maddi durumunun və alıcılıq qabiliyyətinin getdikcə pisləşməsi ilə əlaqələndirirlər.

Gununsesi.info bildirir ki, hüquqşünas Aslan İsmayılov məsələ ilə bağlı açıqlamasında problemli kreditlərin artmasının gələcəkdə daha ciddi nəticələrə səbəb ola biləcəyini bildirib.

O qeyd edib ki, bu gedişlə gələn il problemli kreditlərin məbləği 1 milyard manatı keçə bilər.

Aslan İsmayılovun sözlərinə görə, bu, ən azı son bir ildə iş adamlarının gəlirlərinin 268 milyon manat azalması anlamına gəlir:

“İmkanı olan heç bir iş adamı kredit borcunun artmasını istəməz. Bu da yüzlərlə obyektin bağlanması, minlərlə insanın işsiz qalması deməkdir.

İqtisadi bloka cavabdeh olan məmurlar, budur sizin islahatlarınızın nəticəsi?!”

 

 

Şəbnəm

Gununsesi.info