Politoloq: İlham Əliyevin müsahibəsi Azərbaycanın regional və qlobal rolunu göstərir

“Davosda “Euronews”a verilən müsahibə Prezident İlham Əliyevin beynəlxalq iqtisadi platformada sadəcə mövqe bildirməsi deyil, Azərbaycanın regional və qlobal siyasətdə tutduğu yerin yeni mərhələdə necə qəbul olunmalı olduğunu göstərən konseptual çıxış kimi qiymətləndirilməlidir. Bu müsahibə informativ xarakter daşımır, əksinə, düşünülmüş siyasi çərçivə və məna yüklü sətraltı mesajlar sistemidir”.

Gununsesi.info bildirir ki, bu fikirləri politoloq Amid Əliyev deyib.

O əlavə edib ki, qlobal iqtisadi və siyasi elitanın toplandığı Davos məkanında səslənən fikirlər birbaşa beynəlxalq qərarvericilərə, siyasi menecerlərə və iqtisadi investorlara ünvanlanır:

“Bu kontekstdə Azərbaycan özünü artıq proseslərin obyekti yox, subyekti olan aktor kimi təqdim edir. Postmünaqişə reallığında rəsmi Bakı izah edən tərəf deyil, yeni regional nizamın məntiqini formalaşdıran tərəf kimi çıxış edir. Müsahibə də məhz bu rolu legitimləşdirən kommunikasiya alətidir.

“Euronews” kimi Avropa auditoriyasına açıq platformanın seçilməsi  Azərbaycanın Qərb ictimai rəyinə verdiyi strateji önəmi nümayiş etdirir. Burada əsas məqsəd emosional təsir yaratmaq deyil, rasional siyasi müstəvidə dialoq formalaşdırmaqdır.

Müsahibənin əsas siyasi mesajı aydındır:  Azərbaycan sabitliyin təminatçısıdır, enerji və nəqliyyat baxımından strateji qovşaqdır, Cənubi Qafqazda təhlükəsizlik balansını qoruyan əsas aktordur. Bu isə ölkənin artıq regional risk deyil, regional həll kimi təqdim olunduğunu göstərir”.

 Politoloq hesab edir ki, müsahibənin alt, subliminal qatında Ermənistanla bağlı açıq siyasi çərçivə də formalaşır:

“Sülh artıq müzakirə olunan abstrakt ideya deyil, mövcud güc balansının diktə etdiyi real prosesdir. Bu yanaşma hərbi qələbənin diplomatik və institusional üstünlüyə çevrildiyini nümayiş etdirir və Azərbaycanın təkcə nəticə əldə edən yox, qayda müəyyən edən dövlət kimi davrandığını təsdiqləyir.

Bu çıxışın daxili auditoriya və tədbir iştirakçıları üçün hədəflənmiş siyasi təsiri də az deyil. Davos kimi platformada aparılan dialoq dövlətin beynəlxalq sistemdə qəbul olunduğunu, izolyasiya yox, inteqrasiya xətti ilə hərəkət etdiyini göstərir. Bu isə legitimlik, davamlılıq və sabitlik anlayışlarını gücləndirən mühüm siyasi mesajdır.

 Nəticə etibarilə, bu müsahibə TV və internet resursları üçün sadəcə bir manşet deyil, eyni zamanda Azərbaycanın yeni dövrdə özünü necə təqdim etdiyini göstərən strateji siyasi manifestdir. Burada əsas ideya sadədir: Azərbaycan artıq cavab verən tərəf deyil, istiqamət göstərən aktor kimi danışır və bu mövqeyini beynəlxalq platformada açıq şəkildə təsdiqləyir”.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibə verib.

Şəbnəm

Gununsesi.info