“Bu gün biznes qurmaq istəyən insan ideya tapmaqdan çox, sənəd toplamaqla məşğul olur. İcazələr, razılaşmalar, təsdiqlər, müxtəlif qurumların paralel tələbləri – bunlar sahibkarın enerjisini istehsala yox, kağız dövriyyəsinə sərf etdirir”.
Gununsesi.infoxəbər verir ki, bunu Milli Məclisin deputatu Razi Nurullayev Milli Məclisin iclasında çıxışında deyib.
“Biz deyirik məşğulluq artsın. Amma iş yerini dövlət açmır, iş yerini biznes açır. Biznes isə yalnız o yerdə böyüyür ki, mühit sadə, aydın və proqnozlaşdırıla bilən olsun.
Əmək münasibətlərində şəffaflıq vacibdir, sosial müdafiə vacibdir. Amma mexanizm o qədər mürəkkəb olmamalıdır ki, işəgötürən kölgəyə çəkilməyi, ya da ümumiyyətlə fəaliyyət göstərməməyi daha təhlükəsiz saysın”,-deyə o əlavə edib.
Deputatın fikrincə, bu cür dəyişikliklər paralel olaraq daha böyük bir hədəfə xidmət etməlidir:
“Biznes sahəsində mürəkkəb sənədləşmə sisteminin köklü şəkildə sadələşdirilməsi. Sahibkar dövlət orqanı ilə mübarizə aparmamalıdır. O, rəqabətli bazarla mübarizə aparmalıdır.
Biz beynəlxalq reytinqlərdə bal toplaya bilərik. Amma real nəticə o zaman olacaq ki, ölkədə elə mühit yaradaq ki, insanlar həvəslə biznesə başlasın, qorxmadan sərmayə qoysun, yeni iş yerləri açsın.
İqtisadi inkişaf sənədlərin qalınlığı ilə yox, işləyən müəssisələrin sayı ilə ölçülür.
Əgər biz doğrudan da iqtisadiyyatı böyütmək istəyiriksə, prioritet aydındır: daha az bürokratiya, daha çox fəaliyyət azadlığı”.
Şəbnəm Rəhimova











