“İranda türk dilində məktəblər bu halda açıla bilər” -Ekspert şərtləri sadaladı

İranda ali lider Xameneinin vəfatından sonra onun yerinə Müctəba Xamenei seçildi.

Görəsən, yeni liderin təyinatı Güney Azərbaycanda ana dilində təhsilin vəziyyətinə necə təsir göstərəcək? 

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli qeyd edib ki, Güney Azərbaycanda ana dilində təhsil uğrunda hərəkatın dünənin məsələsi deyil.

“Bunun kökü 1945–1946-cı illərdə Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulmuş Azərbaycan Milli Hökuməti dövrünə gedib çıxır. Məlumdur ki, həmin dövrdə Azərbaycan türkcəsi rəsmi dil kimi istifadə olunurdu. Məktəblərdə ana dilində dərslər keçilirdi. Lakin milli hökumət süqut etdikdən sonra türk dili yenidən sıxışdırılmağa başladı. Deyə bilərsiz ki, bəs İranda minillik türk hakimiyyətindən danışırsız, necə olub ki, İranın idarə etmiş türk sülalələri fars dilini dövlət dilinə çeviriblər. Fars dili, ondan öncə pəhvləvi dili regionun əsas işlək dili idi. Səlcuqlar Xorasan üzərindən İrana, Azərbaycan və Anadoluya daxil olduqda Şərqi Xorasanda-bugünkü Tacikistan, Özbəkistan ərazisində ədəbi dil kimi yayğın olan fars dilini də özləri ilə gətirdilər. Beləcə bu dil bu regionda yaranmış dövlətlərin rəsmi dili oldu. Səlcuqlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Avşarlar və Qacarlar dönəmində dövlətin əsas dili oldu. Şah İsmayılın türk dilində bir- iki məktubunu çıxsaq, bütün orta əsrlər boyu türk dilində rəsmi yazışma olmayıb. Hətta Osmanlı dövlətinin vergi dili, yazışma dili də əsasən fars dili idi. Osmanlı yıxılandan, cümhuriyyət qurulandan sonra türk dilinin statusu artırıldı. Dil və əlifba islahatları həyata keçirildi, türk dilinin qrammatikası tərtib edildi, bu dilin mövqeyi gücləndi. Şimali Azərbaycanda eyni proses getdi. Dilimiz yeni əlifbaya keçdi, qrammatikası təkmilləşdirildi, bu dildə elmi, bədii əsərlər yazıldı, operalar səhnələşdirildi, filmlər çəkildi. İranda isə bu proses getmədi. Əksinə 1925-ci ildə hakimiyyətə gələn Pəhvləvi sülaləsi fars kimliyinə, fars keçmişinə əsaslanan ideologiya ilə idarə etməyə başladı. Şah özü türk dilində mükəmməl danışırdı. Şimali Azərbaycanın və Türkiyənin təsiri ilə Güney Azərbaycanda milli düşüncə formalaşmağa başladı. Tələblər səslənməyə başladı ki, 40 milyon türkün öz ana dilində məktəbləri olmalıdır. Bu tələblər ötən əsrin 90-cı illərindən daha da gücləndi. 30 ildən çoxdur Güney Azərbaycanda milli hərəkat, türk milli kimliyi, ana dili azadlığı uğrunda hərəkat davam edir. Əvvəllər Babək qalasına yürüşlər olardı. Hər il iyul ayının ilk ongünlüyündə Bəzz qalasında böyük mədəni kültürəl tədbirlər keçirilərdi. Milli fəallar, milli düşüncəli ziyalılar, sənətçilər, aşıqlar ora toplaşar, ana dilində şeirlər, mahnılar oxuyardı. Sonradan o tədbiri də qadağan etdilər. Sonra milli fəallar “Traktor” futbol klubunun Təbrizdəki stadionuna toplaşdırlar. Amma düşünürəm ki, İranda milli düşüncəli insanlar hakimiyyətə gəlməsə, ya da Güneydə türk milli iradəsi hakim olmasa ana dilində təhsil hüququ gerçəkləşməyəcək”,-deyə Elman Cəfərli əlavə edib.

Elman Cəfərli bildirib ki, hazırda güneydə ana dili şifahi şəkildə yaşadılır:

“İranda ərəb və erməni dillərində təshil var. Mədrəsələrdə ərəb dili tədris olunur. Çünki islamın, Quranın dilidir. 150 minlik erməni icmasınında da ana dilində məktəbləri var. Türk dilində isə nə orta, nə ali məktəblərdə tədris yoxdur. Nə qədər ki, İranda fars keçmişinə dayanan şiə şovinizmi var türk dilində məktəb olmayacaq. İranda yaxşı bilirlər ki, ana dilində məktəbin açılması milli düşüncəli insanların formalaşması anlamına gəlir. Bu cür düşüncəli insanların ortaya çıxması isə “iranlı” kimliyini təhlükəyə atır. Nə Pezeşkian, nə də yeni gələn ali rəhbər türk dilinə azadlıq verməyəcək. Ana dilimiz hazırda aşıqların, şairlərin şeirlərində, xanəndələrin, müğənnilərin oxuduğu nəğmələrdə yaşayır. Sosial şəbəkələrdə yayılan “vine”lardan da görünür ki, Güney Azərbaycanda gənclər nəsil Quzey Azərbaycan musiqisinin təsirindədirlər. Bu, yaxşı haldır. Ona görə İranda ana dilini qolrumaq istəyiriksə sosial şəbəkələrin gücündən istifadə etməliyik. Yaxşı olar ki, instagramda, telegramda Azərbaycan mədəniyyətini təbliğ edən xüsusi kanallar açılsın. Azərbaycan dilində yazılan bədii, elmi ədəbiyyat, publisistika nümunələri güneylilər üçün əlçatan olmalıdır. Bakıda muğam müsabiqələrinə, aşıq festivallarına güneyli sənətçilər də dəvət olunmalıldır”.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info