Gözəlliyin belə xilas edə bilmədiyi aktrisamız - Orxan Saffari yazır…

  • Müəllif: Orxan
  • 01 Aprel 2026 19:21

Klassik bir qadının dözülməz olduğu əsas məqamı “dır-dır”-ıdırsa, sənət qadınının dözülməz olduğu məqam pafosdur. Bu mənada, Firəngiz Mütəllimovanın səhnə pafosu klassik bir qadın dır-dırından daha pisdir.

Açıq danışsaq, Firəniz xanım siması həmişə tanış, ancaq rolları isə yad gəlir. Başqa sözlə, onun performansı adama yapışmır, heç bir hiss ötürmür. Hətta çox pis mənfi hiss belə. Yaxşıdır deyə bilmirsən, pis də demək istəmirsən.

Sənət və sənətçi üçün ən pis məqam isə məhz ortabablıqdır.

Məncə, “unudulan rollar aktrisaları” adlı siyahı tərtib edilsə, Firəngiz xanım siyahının başında olmalıdır. Daha dəqiq, siyahını özü tərtib etməli və ilk olaraq da öz adını yazmalıdır.

Firəngiz Mütəllimova gözünü səhnəyə, teatra açmış adamdır. Söhbət təkcə müasir dövrdən, filmlərdən getmir. Firəngiz xanım fəaliyyət göstərdiyi bütün dövrlərdə və səhnələrdə dərhal sonra, konkret desək, alqış səsləri bitən kimi yaddan çıxıb. Fəqət çox çəkildiyi, bəzən isə yaxşı filmlərdə rol aldığı üçün siması tanınıb və müəyyən adamlar tərəfindən istedadlı aktrisa kimi də hesab edilib. Çox təəssüf.

Məsələn, əminəm ki, Firəngiz xanım ona məşhurluq gətirən Gülnar obrazını həqiqətən də çox yaxşı oynadığını düşünür. Elə bilir ki, onu məşhurlaşdıran, sevdirən bu obrazın altındakı istedaddır. Ancaq əlbəttə, qətiyyən belə deyildir. Deyərdim, Gülnar rolu məhz Yaşar Nuri simasına görə görünə bilib.

Ümumiyyətlə, Firəngiz Mütəllimovanın az-çox parladığı rollara baxanda müşahidə etmək olur ki, orada əsas olan ya filmdir, ya da filmdəki tərəf müqabilləri. Bu mənada, obrazlı olaraq onu kölgə aktrisası da adlandırmaq olar.

Firəngiz xanımın ortababdan aşağı, bəzən ortababa yaxın aktrisa olduğunu görmək üçün təkcə “Bacanaqlar” serialına baxmaq kifayət edir. Kommersiya filmlərinə çəkilmirəm deyən aktrisa haqqında başqa heç bir izaha, təhlilə ehtiyac da yoxdur. Sadəcə baxırsan və başını bulayıb gedirsən.

Firəngiz Mütəllimovanın sənətkar olmadığını danışığından da sezmək olar. Məsələn, müsahibələrinin birində deyir:

“ “Təhminə” filmində Təhminə obrazına məni çəkəcəkdilər. Çatan kimi yataq səhnəsini göstərdilər, dedim, çəkilmirəm. Hər şey yataqdan başlamır ki. Təhminə hər qadına qismət olmayan obrazdır”.

Əlbəttə, burada sənət adamının sərhəd məsələlərini müzakirə etmək olar, ancaq ehtiyac yoxdur. Lakin bir aktrisanın “Hər şey yataqdan başlamır ki” tonunda olan yanaşması biabırçılıqdır.

Ümumiyyətlə, aktrisa rola niyə bu cür yanaşmalıdır? Üstəlik, guya çəkilsəydi, alınacaqdımı? Çətin. Alınsaydı da, tərəf müqabilinə görə alına bilərdi.

Çünki hər şeydən əvvəl Firəngiz xanımın fakturası bu rol üçün deyildi.

Baxmayaraq ki, Firəngiz xanım vizual olaraq gözəl xanımdır, gəncliyi xüsusilə gözəl olub, ancaq bu gözəllik ekrana, səhnəyə hopa, təsdiq oluna bilməyib. Hətta bəzi aktrisalar var ki, bir qram istedadı olmadığı halda, gözəlliyi onun istedadsızlığını ört-basdır edə bilib.

Di gəl, dünyanı xilas edən gözəllik Firəngiz Mütəllimovanı xilas edə bilməyib.

Konkret desək, Firəngiz xanım rolu yaşamır, sadəcə, vərdiş gərəyi nümayiş etdirir.

Səhnədə və ekranda iki fərqli mövcudluq forması var. Biri səni obrazın içinə çəkir, o biri isə səni aktyorun özünə qaytarır. Birincidə sən obrazı görmürsən, onu hiss edirsən. İkincidə isə sən daim aktyoru izləyirsən. Yəni onun jestlərini, tonunu, hətta necə “oynadığını”. Burada problem məhz bundadır, oyun görünür, amma həyat görünmür.

Əslində, bu tip performans çox zaman texniki cəhətdən səhvsiz olur. Hər şey yerindədir, amma bütün bunların içində bir boşluq var. Firəngiz xanım həmin o boşluqdur.

Bir sözlə, Firəngiz xanım Azərbaycan tamaşaçısının daxili yox, zahiri yaddaşında var. Tamaşaçı onu tanıyır, görür, bilir, yadına düşür, ancaq obrazlarla xatırlamır.

Orxan Saffari

Gununsesi.info