REAL Partiyası ötən il dövlətdən 304 min manat maliyyə yardımı alıb.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə partiyanın Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi maliyyə hesabatında məlumat yer alıb.
Hesabata əsasən, partiya əvvəlki ildə dövlətdən 274 min manat maliyyə dəstəyi almışdı.
Beləliklə, dövlət tərəfindən ayrılan vəsaitin məbləği bir il ərzində 30 min manat artıb.
Maliyyə hesabatında üzvlük haqları ilə bağlı məlumatlar da əks olunub. Sənədə görə, REAL Partiyası ötən il üzvlük haqlarından heç bir gəlir əldə etməyib. Halbuki partiya 2024-cü ildə üzvlük haqları üzrə 12 manat vəsait topladığını bildirmişdi.
Qeyd edək ki, partiyanın deputatı Erkin Qədirli müxtəlif çıxışlarında dövlət xərclərinin optimallaşdırılmasının vacibliyini vurğulayıb və bəzi sosial ödənişlərlə bağlı tənqidi mövqe sərgiləyib. Bununla yanaşı, partiyanın maliyyə hesabatı onun əsas gəlir mənbəyinin dövlət büdcəsindən ayrılan maliyyə yardımı olduğunu göstərir.
REAL Partiyasının maliyyə hesabatında dövlət dəstəyi istisna olmaqla digər maliyyə mənbələri üzrə əhəmiyyətli daxilolmalar qeyd olunmayıb.











