“Bizim Cəbiş müəllim”-in görünməyən mənfi tərəfləri - Saffari yazır…

Milyonlar tərəfindən sevilsə də, hər zaman bəh-bəhlə baxılsa da, Sovet Azərbaycanı kinosu tarixində çəkilən ən konyuktur, alt qatında həm də azərbaycanlılara təhqir olan, mahiyyətimizə yad film, çox yəqin, “Bizim Cəbiş müəllim” filmidir.

Əlbəttə, filmin müsbət tərəfləri, senzura səbəbilə ötürülən mesajlar yaxşıdır, fəqət maraqlıdır, başqa hansı tərəfləri var?

Hesab edirəm, bu film daha çox Sovetlərin Azərbaycana və azərbaycanlılara qarşı münasibəti bildirir.

İkinci Dünya müharibəsi illərində Bakıdakı ab-havanın bu filmdəki kimi verilməsi, dərin gedəndə həm də bir qədər utancverici haldır.

Söz yox, filmin ssenaristi Maqsud İbrahimbəyov peşəkar, olduqca böyük adam idi. Amma görünür, onun da əlində olmayan, ya da içində olan “Rusofoliya” var idi.

Üstəlik, filmin rejissoru Həsən Seyidbəyli də Sovet sisteminin içində formalaşmış yaradıcı şəxs idi və bu, istər-istəməz filmin ideoloji çərçivəsini müəyyənləşdirirdi.

Məsələn, hər kəsə məlum bu filmin dərin qatında Azərbaycan müəllimi, əslində, olduqca yazıq, heç kimə, heç arvadına da lazım olmayan obrazda göstərilir, mənəviyyatın heç bir işə yaramadığını bildirir.

Çox adam isə bu filmdən kəsilən səhnənin nə qədər biabırçı olduğunu yaxşı bilir.

Cəbiş müəllim idealist, saf, bir az da sadəlövh obrazdır. Film onu mənəvi üstünlük daşıyıcısı kimi təqdim etsə də, onun passivliyi insanlara qəhrəmanlıq kimi göstərilir.

Daha dəqiq, müəllim obrazı xalqın “itaətkar təbəqəsi” kimi təqdim olunur.

Dövrü, Azərbaycana münasibəti nəzərə alsaq, bu, həm də bir sosial model idi.

Digər tərəfdən, İkinci Dünya müharibəsi illərində Bakı SSRİ üçün strateji neft mərkəzi idi. Amma film Bakını daha çox məişət intriqaları, qıtlıq, xırda alver, məhəlli xarakterli dedi-qodusu fonunda göstərir. Başqa sözlə, filmdə bu tarixi miqyas demək olar ki, görünmür. Bakı böyük bir xalqın mübarizə şəhəri kimi təqdim edilmir.

Cəbiş müəllim mənəvi cəhətdən “qalibdir”. Amma real həyatda uduzur. Yəni o, məsələn, ailədə söz sahibi deyil, maddi təminat baxımından zəifdir və elə söz sahibi olmamağı həm də buna görədir. Nəhayət, bir müəllim, ziyalı kimi də cəmiyyət içində təsir gücü yoxdur.

Azərbaycan müəllimi obrazında bu gün olan problemlərin də kökü həm də məhz Cəbiş müəllimlə əlaqəlidir.

Mahiyyəti müharibə illərində qələbə çalmaq üçün hər cür maddi-mənəvi çətinliklərə sinə gərib, ailəsini halal zəhmətlə, alın təriylə dolandırmağa çalışan, azadlığı, vətəni hər şeydən yüksək tutan adamların ucalığından, mənəviyyatından ibarət olsa da, həm də belə deyildir.

Üstəlik, Azərbaycan qadını üçün ən ali dəyərin pul, dolanışıq olduğu, bunun üçün əxlaqsızlıq belə edəcəyi eyham vurulur və bunun fonunda rus qadını kifayət qədər əxlaqlı, əzəmətli göstərilir.

Təkcə bombaların səsi gələndə hamının qaçması və Rus qadının qorxmaz göstərilməsi məsələni açıq-aşkar göstərir.

Ona da söz yox ki, bu iyrənc səhnələri canlandıran Süleyman Ələsgərov, Şəfiqə Məmmədova, Muxtar Maniyev, Səfurə İbrahimova, Ziya Seyidbəyli, Nəsibə Zeynalova, Əliağa Ağayev və Aqil Ağacanov-hər biri öz rolunu yaxşı oynayıb.

Ancaq bu, yenə də təqdim olunanın həqiqi mahiyyətini dəyişmir.

Konkret desək, “Bizim Cəbiş müəllim” təkcə insanlıq haqqında film deyil. O, həm də Sovet ideologiyasının Azərbaycan cəmiyyətini necə görmək və göstərmək istədiyinin nümunələrindən biridir.

Filmin başqa maraqlı xüsusiyyəti də ondadır ki, burada milli qürur demək olar ki, görünmür.

Azərbaycanlıların tarixə, dövlətçiliyə, milli kimliyə bağlılığı yox dərəcəsindədir.

Onlar sadəcə SSRİ vətəndaşları kimi mövcuddurlar.

Bu isə Sovet ideologiyasının əsas məqsədlərindən biri idi.

Milli identiklik ümumittifaq kimliyinin içində əridilməli idi.

Əlbəttə, bütün bunlar da filmin bədii keyfiyyətini inkar etmir.

Aktyor oyunu yüksək səviyyədədir. Rejissor işi peşəkardır. Dialoqlar yadda qalır və s.

Senzura şəraitində müəyyən humanist mesajların çatdırılması da danılmazdır.

Lakin yaxşı çəkilmiş film olmaq onun ideoloji baxımdan neytral olması demək deyil.

Əksinə, məhz yüksək sənətkarlıq ideoloji təsiri daha güclü edir.

Bu gün “Bizim Cəbiş müəllim”ə yalnız nostalji ilə baxmaq kifayət deyil.

Onu həm də Sovet milli siyasətinin mədəni məhsulu kimi oxumaq lazımdır.

Çünki kino təkcə əyləncə deyil.

Kino həm də xalqın özü haqqında necə düşünəcəyini formalaşdıran ən güclü vasitələrdən biridir.

Bəlkə də, filmin ən ciddi sualı budur: biz Cəbiş müəllimi niyə bu qədər sevirik?

Onun dürüst olduğuna görə, yoxsa taleyi ilə barışdığına görə?

Bu sualın cavabı təkcə bir film haqqında deyil, bütövlükdə sovet dövrünün Azərbaycan insanına miras qoyduğu düşüncə modelini anlamağa kömək edə bilər.

Orxan Saffari
Gununsesi.info