Vaxtilə Qubanın alması, Göyçayın “Gülöyşə” narı, Lənkəranın çayı, Gədəbəyin kartofu, Şəkinin tütünü, Zaqatalanın fındığı və digər yerli məhsullar uzun illər aparılan seleksiya işlərinin nəticəsi idi.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Zahid Oruc qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Nə üçün uşaqlığımızın alması, pomidoru, qarpızı, yemişi, kartofu, soğanı əvvəlki dadını vermir? Yüksək məhsuldarlıq naminə keyfiyyəti və milli sortların genefondunu itiririk”, – deyə deputat bildirib.
O vurğulayıb ki, hibrid sortlar daha məhsuldar, daşınmaya davamlı və iri ticarət şəbəkələrinin tələblərinə uyğun olsa da, yerli sortların qorunması strateji əhəmiyyət daşıyır.
“Azərbaycanın ümumi torpaq fondunun 8,64 milyon hektarı olsa da, bunun yalnız 1,8 milyon hektarı əkinəyararlıdır. Bu səbəbdən məhsuldarlığın əsas mənbəyi keyfiyyətli toxum, elm və müasir aqrotexnologiyalar olmalıdır” – Z. O bildirib.
Deputat diqqətə çatdırıb ki, Azərbaycan ötən il qarğıdalı toxumu və toxumluq kartof idxalına milyonlarla dollar xərcləyib:
“Halbuki hər iki məhsulun ölkəmizdə əsrlərdən gələn genləri var. Gedib xalqımızın əkdiyi qədim nümunələri alıb ölkəmizə qaytarmaq gərəkdir ki, insanların ağız dadı özünə qayıtsın”.
O əlavə edib ki, gündəlikdə müzakirə olunan torpaqların birləşdirilməsi ilə bağlı qanun layihəsi də aqrar sahədə mühüm islahatlardan biridir və bu, kolxozlaşma deyil, torpaqlardan daha səmərəli istifadə modelidir.











