Vətəndaş uşaq mağazasından narazıdır: "Məhsulun üzərindəki qiymətlə kassadakı məbləğ fərqli oldu"

Bakı şəhərinin Binəqədi rayonunda yerləşən Panda Baby mağazasında qiymət uyğunsuzluğu ilə bağlı narazılıq var.

Gununsesi.info xəbər verir ki, bu barədə vətəndaş sosial şəbəkədə paylaşım edib.

O qeyd edib ki, mağazadan aldığı məhsulun üzərində göstərilən qiymətlə kassada tələb olunan məbləğ arasında fərq olub.

Onun sözlərinə görə, məsələ ilə bağlı mağaza əməkdaşına etiraz etsə də, məhsul üzərində göstərilən qiymətlə satılmayıb:

“İyulun 11 iyul -də saat 10:48-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şəhər tipli qəsəbəsi, Mədən 4-cü sahə, 276-cı məhəllə, M4 ünvanında yerləşən Panda Baby mağazasından “Chicco” markalı uşaq şampunu aldım. Məhsulun üzərində satış qiyməti 10,90 AZN göstərilsə də, kassada məndən 12,90 AZN tutuldu. Qiymət fərqini bildirdikdə mağaza administratoru mənə “Kassada nə çıxırsa onu ödəməlisiniz, istəmirsinizsə almayın” cavabını verdi və məhsulun üzərində göstərilən qiymətlə satışdan imtina etdi.

Burada söhbət cəmi 2 manatdan getmir. Söhbət hər bir istehlakçının qanunla qorunan hüquqlarından gedir. Mağazada alıcıya təqdim olunan qiymətə əməl olunmalı, müştərilərlə nəzakətli davranılmalıdır. Baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi şikayət etmişəm. Ümid edirəm ki, məsələ obyektiv araşdırılacaq, qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək və bu cür halların təkrarlanmasının qarşısı alınacaq. Paylaşımımın məqsədi kimisə gözdən salmaq deyil. Məqsəd istehlakçı hüquqlarının qorunmasına diqqət çəkmək və digər vətəndaşların da oxşar hallarla qarşılaşmamasına töhfə verməkdir” 

 

 

Günay Mahirqızı

Gununsesi.info