Elm və təhsil naziri Emin Əmrullayevin son açıqlamasına görə, 2026-cı ildə keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesində 3 227 müəllim keçid balını toplaya bilməyib.
Bu rəqəm Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin rəsmi məlumatında da təsdiqlənib.
Nazir daha geniş statistikaya toxunaraq bildirib ki, sertifikatlaşdırma prosesinə ümumilikdə 115 min müəllim cəlb olunub. 9108 müəllimin əməkhaqqına əlavələr edilib.
Hər iki cəhddə uğur qazana bilməyən 9 334 müəllimin əmək müqaviləsinə xitam verilib. Bundan əlavə, bir neçə yüz müəllim ilk uğursuz cəhddən sonra öz ərizəsi ilə işdən ayrılıb. Ümumilikdə 10 mindən bir qədər çox müəllim sertifikatlaşdırmanın birinci və ikinci mərhələlərində uğursuz nəticə göstərib.
Bəs maraqlıdır, işini itirən on minə yaxın müəllimin taleyi necə olacaq?
Dövlət bu barədə nə düşünür və düşünməlidir?
Məsələ ilə bağlı Gununsesi.info-ya Milli Məclisin deputatı Fazil Mustafa danışıb.
O bildirib ki, ümumiyyətlə, nə qədər sertifikasiya yolu ilə müəllimləri çeşidləyib onların hazırlı olub-olmamaqları zahirən müsbət addım kimi görünsə də, yeni müəllimin dərs deyə biləcəyi, məktəb mühitinin olmaması, repititorluğun məqsədyönlü şəkildə yayğınlaşması bir formada təhsilin inkişafına xidmət etməyəcək.
“Tutaq ki, savadsız müəllimləri məktəbdən çıxartdın, yerinə də yüksək bal toplayan təcrübəsiz müəllimləri yığdın. Bu, təhsilin səviyyəsinə müsbət təsir edəcəkmi? Məktəbdə təhsil mühiti yaratmadan sağlamlaşmanı necə aparmaq mümkündür? Birinci növbədə təhsil mühiti yaranmalıdır. Şagird məktədən kənarda bilik əldə etmə yolunu ancaq fərdi çalışmalarla etməlidir. Ancaq uşaq məktəbi qoyub repititor yanına getməyə məhkumdursa, bunu da cəmiyyətdə təbliğ ediblərsə, daha nə olsun? Hər kəs mütləq ali məktəbə girməlidir, ali məktəb üçün də müəyyən bal toplamalıdır və ali məktəb infrastrukturunun da çeşidlənməməsi tələbə ovuna çıxmasına səbəb olur. Tələbə ödənişləri ilə də universitet qiymətlərinin artmasına səbəb olur. Biz başa düşməliyik ki, təhsil mühitini yaxşılaşdırmadan, şagirdlərin keyfiyyətli təhsil alma imkanlarını bərpa etmədən və məktəb infrastrukturunu – idman zalları, laboratoriyalar, sinif otaqları və ümumi tədris mühitini sağlamlaşdırmadan yalnız müəllimlər üzərində dəyişikliklər aparmaq təhsil sistemində real yenilik yaratmayacaq. Təhsil ən vacib strateji sahədir. Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti nədirsə, məktəb, təhsil də odur. Biz bunu bərabərləşdirməsək, nə valideyn anlaycaq məktəb nədir, nə də müəllim məktəbə iş yerindən başqa bir şey kimi baxmayacaq. Biz bu düşüncə dəyişimini yaratmadan, fürsətləri itirirək məktəbi daha çox çöküşə gətirib çıxartmışıq. Bunun acı nəticələrini bundan sonra da daha çox yaşamalı olacağıq”, – deyə o, həmçinin qeyd edib.
Orxan












