Rusiyalı jurnalist 12 il azadlıqdan məhrum edilib

Rusiyada elm və tibb sahəsində yazıları ilə tanınan jurnalist Daria Şipaçeva dövlətə xəyanət ittihamı ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə Gununsesi.info rus mediasına istinadən xəbər verir.

Bildirilib ki, Moskva Şəhər Məhkəməsinə istinadən “Mediazona” və “Ostorojno Novosti” nəşrlərinin müxbirləri məlumat yayıblar.

Məhkəmə qapalı keçirildiyi üçün jurnalistə qarşı irəli sürülən ittihamın təfərrüatları açıqlanmayıb. “T-invariant” nəşrinin məlumatına görə, Daria Şipaçeva Ukraynaya pul köçürməkdə ittiham olunur. Jurnalistin yaxınlarının sözlərinə görə, köçürülən vəsait hərbi məqsədlər üçün deyil, mülki şəxsə göndərilib.

Daria Şipaçeva 2025-ci il aprelin 23-də saxlanılıb. Bildirilir ki, təhlükəsizlik qüvvələri onun evində axtarış aparıb, bundan sonra jurnalistlə əlaqə kəsilib. O, əvvəlcə Rostov-na-Donuya aparılıb, daha sonra istintaq təcridxanasına yerləşdirilib. Sonradan isə Moskvadakı Lefortovo istintaq təcridxanasına köçürülüb.

“Mediazona”nın məlumatına əsasən, Şipaçeva istintaq dövründə təqsirini etiraf etməklə bağlı müstəntiqlərlə razılaşmaya gedib.

Daria Şipaçeva müxtəlif illərdə RBC, Lenta.ru, Takie Dela, Forbes və Wonderzine nəşrləri ilə əməkdaşlıq edib. O, “Panik etməyin” adlı kitabın müəllifi, həmçinin “Həyat ağrıdır” adlı səsli verilişin aparıcısı olub.

Həbsindən əvvəl jurnalist “Kişi Dövləti” adlı qrupun tərəfdarları tərəfindən təzyiqlərə məruz qaldığını açıqlamışdı.

 

 

Afət

Gununsesi.info