19 litrlik suyun 1 manatlıq fərqi: Dövlət Turizm Agentliyinin satınalması niyə rədd edildi?

  • Müəllif: Orxan
  • 19 Avqust 2026 11:36

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin əməkdaşları üçün 2000 ədəd 19 litrlik içməli su almaq cəhdi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müdaxiləsi ilə baş tutmayıb.

Gununsesi.info xəbər verir ki, məlumata görə, Mərkəz 2000 ədəd suyun alınması üçün 7800 manatdan bir qədər çox vəsait ayırıb.

Bu isə bir ədəd 19 litrlik su qabının təxminən 3 manat 90 qəpiyə başa gəlməsi deməkdir.

Məsələnin maraqlı tərəfi isə bazardakı qiymətlərlə müqayisədə ortaya çıxır.

Hazırda 19 litrlik içməli suyun evə çatdırılma ilə pərakəndə satış qiyməti təxminən 3 manat 50 qəpik, topdansatış qiyməti isə orta hesabla 2 manat 90 qəpik təşkil edir. Qiymətlər su şirkətindən asılı olaraq cüzi dəyişə bilər.

Beləliklə, Qoruqları İdarəetmə Mərkəzinin nəzərdə tutduğu qiymətlə bazardakı topdansatış qiyməti arasında hər qab üçün təxminən 1 manatlıq fərq yaranır.

2000 qab su üzrə hesablama aparıldıqda söhbət artıq təxminən 2000 manatlıq fərqdən gedir.

Məhz bu məqam satınalmanın rədd edilməsinin əsas sual doğuran tərəfidir.

Rəsmi olaraq başqa əsas göstərilsə də, ortada olan rəqəmlər bir su qabına ödənilməsi nəzərdə tutulan məbləğin bazar qiymətindən əhəmiyyətli dərəcədə yüksək olduğunu göstərir.

Başqa sözlə, söhbət təkcə 19 litrlik su qabından getmir.

Sual yaranır: bazarda eyni məhsulu daha aşağı qiymətə almaq mümkün olduğu halda, dövlət qurumunun hər qab üçün əlavə 1 manat ödəməsinə nə ehtiyac var?

2000 ədəd üzrə bu “cəmi 1 manat” dövlət vəsaiti hesabına 2000 manatlıq fərq yaradır.

Görünür, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin diqqətini çəkən də məhz bu qiymət fərqi olub.

Elmar
Gununsesi.info