Son vaxtlar diqqətlər yenə İranın sabiq prezidenti Mahmud Əhmədinejada yönəlib.
Qərb mətbuatının məlumatına görə, müəyyən çevrələr sabiq prezidenti yenidən hakimiyyətə gətirmək istəyirlər.
Bəs Əhmədinejadın iqtidara qayıtması mümkündürmü?
Gununsesi.info-ya danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, ABŞ və İsrailin İranda Mahmud Əhmədinejad kimi bir şəxsin yenidən hakimiyyətə gətirilməsini istəməsi müəyyən mənada həmin ölkələrin İrandakı kadr bazasının zəifliyindən xəbər verir:

“Çünki İranda onlarla anlaşa biləcək, mövcud rejimi tam dəstəkləməyən, daha liberal respublika tərəfdarı olan, açıq düşüncəli və cəmiyyət daxilində nüfuz sahibi şəxslərin sayı kifayət qədər azdır.
Nəzərə almaq lazımdır ki, Əhmədinejadın SEPAH ilə münasibətləri hər zaman mürəkkəb olub. Bununla yanaşı, onun İran hakimiyyətinin yuxarı dairələri ilə də ciddi əlaqələri mövcuddur.
Hazırkı ali dini rəhbər Müctəba Xameneini yaxşı tanıyan şəxslər bildirirlər ki, 2005-ci ildə məhz Əhmədinejadın prezident seçilməsində Müctəba Xameneinin mühüm rolu olub. Sonrakı mərhələdə isə Əhmədinejad Bəsic qüvvələrini onun təsir dairəsinə verib. Bu da onun İran hakimiyyətində müəyyən nüfuz sahibi olduğunu göstərir.
Eyni zamanda Əhmədinejad vaxtilə SEPAH daxilində də mühüm mövqelərə malik olub. O, qurumun ilk formalaşma dövründə iştirak edən şəxslərdən sayılır və bu səbəbdən həmin çevrələrdə təsir imkanlarının qaldığı bildirilir.
Burada “yenidən hakimiyyətə gətirilməsi” dedikdə, əsasən, onun 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizəd kimi irəli çıxması ehtimalı nəzərdə tutulur. Əhmədinejad daha əvvəl də bir neçə dəfə prezident seçkilərində iştirak etməyə çalışıb. Lakin Nəzarət Şurası onun namizədliyini təsdiqləməyib”.
Politoloq əlavə edib ki, İranda keçmiş prezidentlərin yenidən seçkilərə buraxılması nadir hallarda baş verir:
“2005-ci ildə Əkbər Haşimi Rəfsəncani seçkilərdə namizəd olmuşdu. Ondan sonra isə keçmiş prezidentlərin yenidən seçkiyə qatılması praktiki olaraq müşahidə edilməyib.
Mümkündür ki, ABŞ İran daxilində müəyyən təsir imkanlarına malik və eyni zamanda anlaşa biləcəyi bir siyasi fiqurun meydana çıxmasını istəyir. Bu baxımdan Əhmədinejad həm Qərb üçün, həm də İranın daxili siyasi tarazlığı baxımından müəyyən dairələr üçün uyğun fiqur hesab oluna bilər”.
Şəbnəm Rəhimova











