Almaniya səyahətçilər üçün məcburi COVID-19 testlərini ləğv edir

  • By admin
  • 27 Avqust 2020 12:03

 

Almaniyanın Səhiyyə Nazirliyi çərşənbə günü koronavirus riski yüksək olan ölkələrdən qayıdan səyahətçilər üçün məcburi testlərə son qoyacağını və test strategiyasının simptomları olan və ya COVID-19-a yoluxma ehtimalı olan insanlara yönəldiləcəyini bildirib.

Səhiyyə naziri Cens Spahn çərşənbə günü Berlində keçirilən mətbuat konfransında deyib ki, son həftələr – çox sayda vətəndaşın xaricə getdiyi tətil mövsümünün qaynar günlərində – Almaniya aeroportları, qatar stansiyaları və yollardakı dayanacaqlarda testlərin sayı həftədə 900 minə qədər artırılıb.

Yeni tədbirlərə görə məcburi testlər əvəzinə Almaniyaya qayıdan səyahətçilər karantində qalmalıdır.

Spahn jurnalistlərə tətil mövsümü başa çatdıqdan sonra və insanların daha az səyahət etdiyi zaman yoluxma riskinin yenidən azalacağını deyib. Onun sözlərinə görə, sentyabr ayında səyahət mövsümü bitdikdən sonra hökumət simptomları olan və COVID-19 xəstələri ilə təmasda olan insanları testdən keçirməyə davam edəcək.

Pulsuz testlər may ayından bəri ilk dəfə avqustun birinci həftəsi yeni koronavirusa yoluxma hallarının gündə 1000 nəfəri keçməsindən sonra tətbiq edilməyə başlayıb.

Bəzi səhiyyə mütəxəssisləri həmin testlərin effektiv olmadığını deyib. Belə ki, aeroportlarda test nəticələri mənfi olan bəzi səyahətçilərdə bir neçə gündən sonra koronavirus aşkar edilib. Eyni zamanda tibbi heyət və avadanlıq çatışmazlığı da mövcuddur.

Test strategiyası ilə bağlı əlavə qərarların kansler Angela Merkelin cümə axşamı ölkənin bölgə qubernatorları ilə görüşündən sonra veriləcəyi gözlənilir.