AŞPA Türkiyə və Azərbaycan arasında ayrı-seçkilik edir? - Fazil Mustafadan şərh

  • Müəllif: Orxan
  • 02 İyun 2026 16:47

Avropa Şurası və onun Parlament Assambleyası (AŞPA) ilə bağlı son dövrlərdəki müzakirələr xüsusilə Azərbaycan və Türkiyə kontekstində diqqət çəkir.

Hər iki ölkənin bu qurumlarda qarşılaşdığı münasibət, bəzən obyektiv, bəzən isə subyektiv amillərlə formalaşır.

Türkiyə və Azərbaycan arasındakı fərqli mövqelər və təsirlər, həm tarixi üzvlük statusları, həm də maliyyə və diplomatik iştirakları ilə əlaqədardır.

Eyni zamanda, AŞPA-nın qərarları və yanaşmaları yalnız hüquqi və demokratik meyarlara əsaslanmır, müəyyən geosiyasi və region spesifik amillərdən də təsirlənir.

Bu baxımdan, qurumun Azərbaycan və Türkiyəyə qarşı münasibətləri, həm beynəlxalq standartların, həm də yerli maraqların qarışığı kimi qiymətləndirilə bilər.

Bəs bu münasibətlərdə fərqlilik varmı?

Məsələ ilə bağlı Gununsesi.info -ya danışan deputat Fazil Mustafa bildirib ki, əslində, hər ikisində münasibətdə belə bir problem var və orada da Türkiyə qarşı çox vaxt Kipr kartını istifadə edirlər və bir neçə dəfə də mən özümdə müşahidə eləmişəm ki, məqsədyönlü şəkildə təmsilçilərin həm vəzifəyə seçilməsi, həm orada çıxışlar etməsi və Türkiyənin ittiham eləməsinə şərait yaradırlar.

“Amma insan haqları mövzusunda Osman Kavala və başqa məsələlərlə bağlı qətnamələr qəbul olunubdur. Konkret olaraq Azərbaycana qarşı mövqi ifadə olunması daha çox burada ola bilsin ki, Türkiyənin əvvəlcədən Avropa Şurasının Parlament Assemblyasının üzvü olması, onun təsisçilərindən olması müəyyən rol oynayır. Ola bilsin ki, burada erməni sistemi daha çox Azərbaycan üzərindən bu prosesi yönətməyə çalışır. Amma indi AŞPA özü də çıxılmaz vəziyyətdə qalıb. Çünki konkret indiki erməni hakimiyyəti Azərbaycanın Avropa Şurasından uzaqlaşdırılmasını o qədər maraq göstərmədiyini ifadə edir və belə bir vəziyyətdə AŞPA ermənidən çox ermənçilik yolunu tutur”, – deyə Fazil Mustafa qeyd edib.

O, həmçinin bildirib ki, Türkiyəyə qarşı həm də AŞPA-ya üzvülük haqqı ödənir. Burada 24 millət vəkili fəaliyyət göstərir və külli miqdarda pul ödənilir. Rusiyanı çıxandan sonra, ən çox pul ödəyən ölkələrin sırasında gəldiyinə görə bu məsələdə AŞPA-nın tamamilə xərclərinin ödənməməsi kimi bir stiuasiya ortaya çıxa bilir. Bunlar da yəqin ki, nəzərə alınır. Açığı, bu standartlar dəqiq bilmək olmur. Bütün hallarda, əslində, hər iki dövlətə qarşı münasibət orada arzu olunan səviyyədə deyil.

“Bunları demokratiya bəhanəsi ilə edirlər, amma eyni demokratiyanı başqa ölkələrdən tələb eləməyi nəzərdə tutmurlar. Məsələ yəqin ki, daha çox bu kontekstdə izah oluna bilər. Amma bütün hallarda Türkiyə təzyiq imkanları Avropa Şurasının elə Azərbaycana olan təzyiq imkanları qədərdir. Yəni Azərbaycan necə əhəmiyyət vermirsə, Türkiyə də elədir. Əslində, bu məkandan Azərbaycanın uzaqlaşması AŞPA-nın özünə daha çox zərər edir. Çünki Qafqazla bağlı, bölgə ilə bağlı hansısa bir siyasətin həyata keçirməsində real imkanları, vasitələri əldən çıxartdılar. Həlbuki Azərbaycan bu məsələdə daha çox üzərinə vəzifə götürə biləcək və dəstək verə biləcək ölkə statusunda idi. Güclü ölkə kimi bunu edə bilərdi. Ona görə də indi AŞPA buradakı proseslərə müdaxilədən kənarda qaldı. Qarabağ məsələ çözüləndən sonra artıq bu qurumun Azərbaycanla bağlı edəcək bir işi yoxdur”, – deyə eyni zamanda Fazil Mustafa vurğulayıb.

O, son olaraq bildirib:

“İndi Azərbaycanın özünün də çox dərin marağı yoxdur ki, mütləq orada təmsil olunsun. Çünki hər dəfə bir bəhanə ilə Azərbaycanı töhmət altında saxlamaq artıq elə də bir nəticə vermir. Diqqət edirsinizsə, neçə illərdə AŞPA-da yoxuq. Nə dəyişdi? Hansı müstəqilliyimizə bir məhdudiyyət gətirdilər? Ayrı-ayrı AŞPA daxil olan ölkələrlə də əməkdaşlıqlarımız davam edir. Ona görə də bu münasibətlərin bir az subyektiv xarakterini daha çox önə çəkməliyik. Kimlərsə bir dönəm bu kampaniyanı yürütdülər və Azərbaycana bunu etdirlər. İndi Türkiyə bunu etmək bir qədər çətin olur. İndi təbii ki, onlar bəyanat verəcəklər, həpsdə olanların buraxılmasını istəyəcəklər, hansısa bir müxalifət partiyasına olan münasibətə, yəqin ki, mövqə bildirəcəklər. Amma Türkiyənin çıxarılma məsələsi gündəmdə olacağını düşünmək bir az sadəlövhlük olar”.

Orxan

Gununsesi.info