İranın xarici işlər naziri Abbas Əraqçi Avropa üçlüyü ölkələrindən (Böyük Britaniya, Almaniya və Fransa) olan həmkarları ilə Nyu-Yorkda keçirilən görüşdə İranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli ilə bağlı təkliflər irəli sürüb.
Gununsesi.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Bu görüşdə BMT Təhlükəsizlik Şurasının sanksiyalarının bərpası üçün əsassız və qanunsuz hərəkətləri nəzərə alaraq diplomatik danışıqların davam etdirilməsi üçün bir sıra ideya və təkliflər irəli sürülüb və bütün maraqlı tərəflərlə məsləhətləşmələrin davam etdirilməsi qərara alınıb”, – XİN-in bəyanatında deyilir.
Əraqçi Avropa üçlüyü ölkələrinin xarici işlər nazirlərinin diqqətini Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı bərpa etmək üçün atdığı məsuliyyətli addımlara yönəldib və Avropa dövlətlərinin qarşılıqlı addımlarının vacibliyini vurğulayıb. Danışıqlarda Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallasın da iştirak etdiyi vurğulanır.
Avqustun 28-də Böyük Britaniya, Almaniya və Fransa BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaların bərpası mexanizminin təşəbbüskarı olub. Sentyabrın 19-da Şura İrana qarşı sanksiyaların bərpa olunmaması ilə bağlı qətnaməni rədd edib. Rusiya, Əlcəzair, Çin və Pakistan qətnamənin lehinə səs verib. Təhlükəsizlik Şurasının doqquz üzvü (Böyük Britaniya, ABŞ və Fransa daxil olmaqla) əleyhinə səs verib, ikisi isə bitərəf qalıb.










