AYB sədri Anardan Orxan Saffariyə sərt sözlər

  • By Admin2
  • 02 İyul 2026 14:40

Yazıçı Orxan Saffari Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın qızı Günel Anarqızı ilə bağlı sərt fikirlər səsləndirib.

Gununsesi.info xəbər verir ki, o, “Facebook” sosial şəbəkə hesabında paylaşdığı geniş statusda Günel Anarqızının yaradıcılığını tənqid edib, onun ədəbi fəaliyyətini və yazıçı kimi qəbul olunmasını sual altına alıb.

Gənc yazıçı paylaşımında “Doğrudur, AYB sədri Anarın qızı Günel Anarqızı ədəbi dairələrdə, ümumən ədəbi elita arasında yazıçı kimi təsdiq olunmayıb. Ancaq başqa dairələrdə belə qəbul edilir. Bu səbəbdir ki, hazırda Bakı Kitab Mərkəzinin də direktoru odur. Onu deyim, Anar sədr, insan kimi necə olmasından asılı olmayaraq, istedadsız adam deyil. Ancaq görünür, istedad Günel Anarqızına heç irsən də keçməyib. Bu, əslində, bir az da kədərlidir. Atan Anar olur, baban Rəsul Rza, nənən Nigar Rəfibəyli, sən isə ən yaxşı halda elə direktor ola bilirsən”, – deyə qeyd edib.

“Cebheinfo.az”-a açıqlamasında Xalq yazıçısı Anar həmin şəxsin istedadsız olduğunu düşündüyü üçün ona öz istedadından bir parça verməyə hazır olduğunu deyib:

“Bəlkə onda adam oldu. Ona istedadımdan bir parça verərəm. Çünki görünür ki, tamamilə “бездарный” (bezdarnıy) adamdır. Günel də onun istedad payını verə bilər, mən də verə bilərəm. Bəlkə onda adam oldu”.

Məsələ ilə bağlı yazıçı Orxan Saffari də cavab yazıb.

O, sözügedən açıqlamaya cavab olaraq deyib:

“Anar müəllim, mən indi əxlaqıma sığınıb ağsaqqal yaşınızda dediyiniz bu sözləri sizə qaytarmıram. Bəzi sözləri siz özünüzə yaraşdırdığınıza baxmayın, mənim imzama, ad-sanıma, gənc ömrümə yaraşmaz ki, sizinlə ağız-ağıza verim.
Qıraqdan baxan deməz ki, o ağsaqqaldı, Xalq yazıçısıdı, bilmir, sənə nə olub? Üstəlik, “bir parça istedadı”da özünüzə saxlayın. Çünki elə olanınız odur, özünüzə bir şey qalmaz. Mənim isə əlimdə olsaydı, hörmət əlaməti olaraq ömrümdən kəsib sizə pay verərdim. İstəyərdim ki, siz bundan sonra çox uzun illər yaşayasınız və belə biabırçılıqlara daha çox şahid olaq. Di gəl, bilmirəm ki, mənim verdiyim ömrümü yaşamağa gücünüz çatarmı? Səmimi danışsaq, Anar olub, Anar kimi, Anar ömrü yaşamağa nə var ki?”

Elmar

Gununsesi.info