Ramiz Mehdiyev niyə YAP-dan çıxarılmadı?

  • Müəllif: admin
  • 03 Oktyabr 2026 09:01

Yeni Azərbaycan Partiyasının (YAP) dünən keçirilən qurultayında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin partiyadakı gələcək taleyi müzakirəyə çıxarılmayıb.

Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər YAP hakimiyyətinin və dövlət idarəçiliyinin ən yüksək vəzifələrində təmsil olunub. Sonradan onun barəsində irəli sürülən ittihamlar və başladılan cinayət təqibi ictimai-siyasi gündəmin əsas mövzularından birinə çevrilib.

Adının çəkilməsini istəməyən YAP rəsmilərindən biri Gununsesi.info-ya bildirib ki, Ramiz Mehdiyevlə bağlı məsələnin qarşıdakı dövrdə həllini tapması mümkündür.

Onun sözlərinə görə, Ramiz Mehdiyev əvvəllər partiyanın İdarə Heyətində təmsil olunub, hazırda isə YAP Veteranlar Şurasının üzvüdür:”Qurultayda Veteranlar Şurası ilə bağlı hər hansı məsələ müzakirəyə çıxarılmadığından, Mehdiyevin partiyadakı statusu ilə bağlı qərar da qəbul edilməyib”.

Mənbə bildirib ki, gələcəkdə partiyanın digər strukturlarının formalaşdırılması prosesi çərçivəsində bu məsələyə baxıla bilər.

“Gələcəkdə partiya sədrinin və ya ali rəhbərliyin qərarı ilə digər strukturların formalaşdırılması prosesi olacaq. Yəqin ki, Ramiz Mehdiyevlə bağlı məsələyə də həmin vaxt baxılacaq”, – deyə mənbə bildirib.

Qeyd edək ki, Ramiz Mehdiyev 2021-ci ilin martına qədər YAP İdarə Heyətinin üzvü olub. Həmin qurultaydan sonra o, partiyanın rəhbər orqanından kənarlaşdırılaraq Veteranlar Şurasında təmsil olunub.

Xatırladaq ki, Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında cinayət işi başlanıb. O, dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamları ilə üzləşib. Bu ittihamlar üzrə məhkəmə prosesi davam edir.

Beləliklə, YAP-ın VIII qurultayında Ramiz Mehdiyevin partiya üzvlüyündən çıxarılması məsələsi müzakirə olunmasa da, onun gələcək siyasi taleyi ilə bağlı qərarın partiyanın müvafiq orqanlarının növbəti iclaslarında gündəmə gətiriləcəyi istisna edilmir.

 

Afət Abbasova

Gununsesi.info