Azərbaycan və Ermənistanın demoqrafik göstəriciləri: Fərq niyə bu qədər böyüyüb?

  • Müəllif: Firuzə
  • 18 Avqust 2026 11:13

REAL Partiyasının sabiq sədri İlqar Məmmədov Azərbaycan və Ermənistanın son illərdəki demoqrafik və iqtisadi göstəricilərini müqayisə edib.

Gununsesi.info-nun xəbərinə görə, İlqar Məmmədov bildirib ki, Azərbaycan və Ermənistan son 100 ildə əhali baxımından oxşar şoklar yaşadığı üçün uzun müddət doğum dinamikası da bir-birinə yaxın olub.

Lakin onun sözlərinə görə, son 10 ildə vəziyyət dəyişib.

“2016-2020-ci illərdə Ermənistanda orta hesabla ildə 37,5 min uşaq doğulurdusa, 2021-2025-ci illərdə bu rəqəm 35 min olub. Düşmə 6 faiz təşkil edib. Bizdə isə doğum sayı ildə 142 mindən 109 minə düşüb. Yəni 23 faiz düşmə var. 6 faiz hara, 23 faiz hara?” – deyə Məmmədov qeyd edib.

Siyasətçi Ermənistan parlamentində müxalifətin təmsilçiliyinə də diqqət çəkib.

Onun sözlərinə görə, parlamentdəki 12 komitə sədrliyindən 8-i hakim partiyanın, 3-ü bir müxalifət partiyasının, 1-i isə digər müxalifət partiyasının nümayəndəsindədir.

Məmmədov Nikol Paşinyanın qurduğu siyasi sistemin demokratik baxımdan ciddi problemləri olduğunu bildirsə də, əsas diqqəti Azərbaycanla müqayisəyə yönəldib.

“Paşinyanın qurduğu siyasi sistem demokratiklikdən çox-çox uzaqdır. Orası aydındır. Amma məni Ermənistan yox, bəlli standartlardan özümüzün ildən-ilə daha da uzaq düşməyimiz maraqlandırır”, – deyə o yazıb.

REAL sədri Ermənistan parlamentində müxalifətin institusional təmsilçiliyinin ölkənin digər göstəriciləri ilə əlaqəsinin olub-olmadığını sual edib.

O, həmçinin siyasi iqtisad ədəbiyyatında demokratik institutlarla iqtisadi və sosial göstəricilər arasında əlaqənin uzun müddətdir araşdırıldığını vurğulayıb və Azərbaycanda bu məsələyə yanaşmanı tənqid edib.

Məmmədov daha sonra iki ölkənin bir sıra iqtisadi və sosial göstəricilərini müqayisə edib.

Onun təqdim etdiyi rəqəmlərə görə, Ermənistanda iqtisadi artım Azərbaycandakından 5 dəfə yüksəkdir, Ermənistanda orta əməkhaqqı Azərbaycandakından 25 faiz çoxdur, Ermənistan banklarında adambaşına düşən pul vəsaiti Azərbaycandakından 3 dəfə çoxdur.

Siyasətçi uşaqlı ailələrə dövlət dəstəyi ilə bağlı da Ermənistan nümunəsini göstərib.

Onun paylaşdığı məlumatda 2 yaşadək uşağa qulluq müavinətinin şəhərdə aylıq 174 AZN, kənddə isə 320 AZN olduğu bildirilir.

Bundan başqa, üçüncü uşağın doğulmasına görə aylıq 230 AZN, birdəfəlik analıq müavinəti kimi azı 800 AZN və ya işləyən ananın maaşı əsasında hesablanan ödəniş, hər doğulan uşağa 2300 AZN birdəfəlik müavinət, ipoteka krediti olan ailələrdə isə uşağın doğulmasına görə əlavə 2300-9000 AZN dəstək göstərildiyi qeyd olunur.

İlqar Məmmədov sonda bu göstəricilərin Azərbaycanla müqayisədə ölkənin inkişaf modeli və siyasi institutları barədə suallar yaratdığını bildirib.

“İndi hökumət əmindir ki, Azərbaycanın geriləməsi heç də bizdə, müqayisədə, demokratik təmsilçiliyin zəifliyi ilə əlaqəli deyil”, – deyə Məmmədov yazıb.

Elmar

Gununsesi.info