
Dolanım başına pərvanələrtək,
Anamdır, atamdır bayrağım mənim,
Aypara qaşıdır, ulduz gözləri,
İnsandır, adamdır bayrağım mənim.
Mənim bayrağımın ayaqları var,
Yol gedir, müqəddəs səfərə çıxıb,
Bir də görürsənki dırmaşıb dağa,
Bir də görürsənki çəpərə çıxıb.
Yel vurub, dəniztək ləpələndikcə,
Bərq vurur üzündə söz puçur-puçur,
Hərdən havalanır sevgililərtək,
Baxırsan, bayrağım yerimir, uçur.
Uçursa, deməli qanadlı quşdur,
Qartaldır, qıy çəkir yurd dağlarında,
Qaldırıb göylərə şəhəri, kəndi,
Gəzdirir qan daman caynaqlarında.
Bir də görürsənki qatlanıb dizi,
Bükülüb, bir gündə min il qocalır,
Elə qucaqlayır şəhid qəbrini,
Əsgər anaları məəttəl qalır.
Müsəlman türküdür, qibləsi aləm,
Üç rəngdə danışan qələmim bayraq,
Bir az aşağı düş, nəzir bağlayım,
Qanıma bələnmiş ələmim bayraq.
Varsa ayaqları, əlləri də var,
Dartınır bayrağım allaha doğru,
Qabaqda gedərək, bu mərd milləti,
Aparır işıqlı sabaha doğru…
Saday Şəkərli