Bir vaxtlar Azərbaycanda məşhur idilər, indi işsiz qalıblar – SİYAHI

  • By admin
  • 13 Avqust 2020 13:42

Millidəki oyunları ilə bir vaxtlar məşhur olmuş, hazırda isə klubsuz qalmış futbolçularımız var.

Gununsesi.info Azərbaycan səviyyəsində məşhur olub, indi isə futbolsuz qalmış oyunçuları təqdim edir:

Əfran İsmayılov

Əminliklə demək olar ki, Əfranın ən yaxşı vaxtları 2006-2013-cü illərdə oynadığı “Qarabağ”da olub. Əslində, “Qarabağ”a ikinci qayıdışında da o qədər pis təsir bağışlamayıb. Ancaq 2018-ci ilin yayından “Sumqayıt”a keçməsi və daha sonra “Keşlə”də bir il oynaması futbolçunun enişdə olduğunu göstərir.

Millimizin sabiq baş məşqçisi Nikola Yurçeviç də onu komandada olduğu müddətdə yığmaya çağırmayıb. İyunun 29-da “Keşlə” 31 yaşlı sağ cinah yarımmüdafiəçisi ilə müqavilə uzatmaqdan imtina etdiyindən hazırda klubsuzdur.

Rail Məlikov

Vaxtilə Berti Foqtslu yığmanın əsas simalarından sayılan Rail Məlikov son dörd ildir ki, karyerasını “Sumqayıt” kimi autsayder klubda davam etdirir. Düzdür, son mövsüm “Sumqayıt” nəinki autsayder oldu, hətta avrokuboklara vəsiqə qazandı. Ancaq bu futbolçunun vaxtı ilə “Neftçi”nin əsas simalarından olduğunu da nəzərə almalıyıq.

Türkiyənin “Dənizlispor” klubunda isə iki dəfə fərqli vaxtlarda forma geyinib. “Sumqayıt” isə hələ də onunla yeni müqavilə bağlamayıb. 34 yaşlı sağ cinah müdafiəçisi daha bir il oynamaq istəsə də, son məlumatlar onu göstərir ki, “Sumqayıt” futbolçunun xidmətində maraqlı deyil.

Kamran Ağayev

Azərbaycanın müstəqillik dönəmində yetişən istedadlı qapıçılarının başında dayanan Kamran Ağayevin klubsuz qalması üzücüdür. Türkiyədə “Kayserispor”, “Karşıyaka”, Portuqaliyada “Boavişta” və Çexiyada “Mlada Boleslav” klublarında qısa müddət də olsa, legioner karyerası yaşamış Kamranın Azərbaycanda son komandası “Keşlə” olub.

Ötən ilin mayında “Keşlə” gözlənilmədən 13 futbolçu ilə yollarını ayırıb. Bunların arasında Kamran da olub. Elə o vaxtdan Ağayev futbolsuz qalıb. 34 yaşlı qapıçının futbolsuz qalmasında nizam-intizama əməl etməməsi də az rol oynamayıb.

Vaqif Cavadov

Vaxtilə “Qarabağ”la at oynadan, gözəl oyunu ilə Hollandiyanın “Tvente” klubunun diqqətini cəlb edən və növbəti mövsüm həmin ölkənin çempionu olan Vaqif Cavadov da klubsuzdur. O, Rusiyada “Volqa”, Türkiyədə “Qaziantep BB” və “Boluspor”da da legioner həyatı yaşayıb.

Moskva MOİK-inin yetirməsi olmuş futbolçunun mənfi cəhəti “Qarabağ”da oynadığı 2007-2010-cu illər istisna olmaqla, digər klublarda bir mövsümdən artıq tab gətirməməsi olub. Ötən ilin qışında “Keşlə” ilə maaş məsələsində problem yaşayan 31 yaşlı hücumçu pulunu alaraq komandadan ayrılıb. Hazırda aşağı yaş qrupları üzrə futbol məktəbi açıb.

İlqar Qurbanov

Vaqif Cavadovun dayısı oğlu da hazırda klubsuzdur. Düzdür, qohumu Vaqifdən fərqli olaraq, onun “Sumqayıt”la müqavilə bağlaması mümkündür. Ancaq 34 yaşlı futbolçuya avrokuboklarda çıxış edəcək “Sumqayıt”dan hələ də yeni müqavilə təklifi gəlməyib.

Türkiyədə “Fənərbağça”nın yetirməsi olmuş İlqar Türkiyədə “Sivasspor”, “Boluspor” və “Mersin İdman Yurdu” komandalarında top qovub. Hətta “Sivasspor”un heyətində “Beşiktaş”a qol vurması ilə bir qədər də məşhurlaşıb. Ancaq görünən odur ki, İlqar hazırda heç kimə lazım deyil.

Vüqar Nadirov

Qurban Qurbanovlu “Qarabağ”ın əsas heyətində möhkəmlənməyi bacarmış Ağdamdan olan yeganə futbolçudur. Di gəl ki, bu klubdan getdikdən sonra onda da eniş yaşanıb. Pula görə “Qarabağ”ı ikinci dəfə “Xəzər Lənkəran”a dəyişməsi, lakin transfer qadağasına görə oynadılmaması karyerasına ciddi zərbə vurub.

33 yaşlı sağ cinah hücumçusunun Premyer Liqada oynadığı son klub “Səbail” olub. Bundan sonra Vüqar Nadirovun futbolsuz qalmamaq üçün həvəskar statuslu Region Liqasının “Baku Siti” komandasında çıxış etdiyi və orada kapitan olduğu məlum olub. Həmçinin, “Uğur” komandası ilə Region Liqasının qızıl medalını qazanıb. Onun son olaraq “Baku Sportinq” klubunun direktoru işlədiyi deyilirdi.

Gununsesi.info