İslandiyanın Reykjanes yarımadasında vulkan püskürməsinin ardından kül buludlarının paytaxt Reykyavikə çatacağı ilə bağlı xəbərdarlıq edilib.
Gununsesi.info xəbər verir ki, BBC-nin məlumatına görə, İslandiyanın Reykjanes yarımadasında qeydə alınan zəlzələlərdən sonra dekabrın 18-də vulkan püskürməsinin ardından ətraf şəhərlər üçün xəbərdarlıq edilib. Tüstü və kül dumanı vulkandan 30 kilometr uzaqda belə hiss olunarkən, kül buludlarının gün ərzində paytaxt Reykyavikə çatacağı xəbərdarlığı edilib.
Paytaxt sakinləri BBC-yə müsahibələrində partlayış zamanı səmada “qırmızı şimşəklər” gördüklərini bildiriblər.
İslandiyanın xarici işlər naziri Bjarni Benediktsson X sosial media hesabından verdiyi açıqlamada vulkan püskürməsi səbəbindən ölkənin hava nəqliyyatında heç bir gecikmə olmadığını bildirib.
İslandiyada baş verən ardıcıl zəlzələlərdən sonra vulkan püskürməsi ehtimalına qarşı noyabrın 11-də “fövqəladə vəziyyət” elan edilib.
Səlahiyyətlilər ehtiyat tədbiri olaraq ölkənin cənub-qərbindəki Qrindavik şəhərini boşaltmağa qərar vermişdilər.
İslandiya Meteorologiya İdarəsi (IMO) dekabrın 18-də Qrindavik yaxınlığında vulkan püskürməsinin baş verdiyini açıqlayıb.
İslandiya Mülki Müdafiə və Fövqəladə Hallar İdarəsi səlahiyyətlilərindən Vidir Reynisson ölkədə yayımlanan RUV televiziyasına verdiyi açıqlamada maqma axınına diqqət çəkərək hadisənin bölgə üçün “böyük partlayış kimi” olduğunu bildirib.
Gununsesi.info