Bu amillər yoluxmanı artıracaq, xəstəxanalar dolacaq  - Həkimdən ŞOK

  • By admin
  • 10 Sentyabr 2021 15:57

“Təhsil müəssisələrinin açılması ilə ictimai nəqliyyatda sıxlıq olacaq. Bu məsələ haqqında müəyyən addımlar atılmalıdır”.

Bunu Publika.az-a açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev deyib.

Həkim qeyd edib ki, ictimai nəqliyyatda sıxlıq çox olarsa, yoluxma artacaq: “İstənilən qapalı məkanlarda və nəqliyyat vasitələrində maskaya ciddi nəzarət olunmalıdır. Təhsil müəssisələri açıldıqdan sonra həm ara məsafəsinə, həm də maskadan istifadəyə nəzarət etməkdə çətinlik yaranacaq. Bunun səbəbi isə şagird və tələbələrin sayının çox olmasıdır. Yoluxmanın çoxalmasının qarşısını almaq üçün tədris fərqli növbələrdə aparıla bilər. Yəni bu cür etsələr, sıxlıq azalacaq və yoluxmanın çoxalmasının qarşısı alınacaq. Sinif daxilində şagirdlər partada tək oturub ara məsafəsi saxlasalar, xəstəliyin artımına müəyyən qədər mane olmaq olar”.

M.Əliyev vurğulayıb ki, payızın gəlməsi ilə yoluxanların sayı arta bilər: “Son zamanlar yoluxma sayında azalma müşahidə edilir. Bunun ən böyük səbəblərindən biri vaksin olunanların sayının günü-gündən artmasıdır.

Lakin payız fəslinin gəlməsi ilə digər yoluxucu xəstəliklər də yayıla bilər. Belə olduğu halda insanlar arasında təlaş yarana bilər, xəstəxanalarda sıxlıq müşahidə edə bilərik. Gələcək müddət ərzində yoluxma artarsa, müəyyən qədər məhdudiyyətlər ola bilər. Ancaq indiki vəziyyətə görə məhdudiyyətlərə ehtiyac yoxdur. Sadəcə, qoyulmuş qaydalara ciddi riayət olunmalıdır”.

Gununsesi.info