Eldəniz Quliyev sərt danışdı: "Bu gün Azərbaycan Milli Kinosuna "əzrayıl" seçdik"

  • Müəllif: Şəbnəm
  • 11 Sentyabr 2026 15:37

Xəbər verdiyimiz kimi, xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

Gununsesi.info xəbər verir ki, bu, qərar ittifaqın bugünkü konfransında səsvermə nəticəsində qəbul edilib.

Şəfiqə Məmmədovanın sədr seçilməsi sosial şəbəkələrdə bir sıra şəxslər tərəfindən narazılıqla qarşılanıb.

Paylaşımlarda onun yaşının çox olduğu və ittifaqa rəhbərlik etmək üçün uyğun olmadığı bildirilib.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş sədri Xalq artisti Rasim Balayev olub. O, bu ilin martında vəfat edib.

Mövzu ilə bağlı kinorejissor Eldəniz Quliyev fikirlərini Gununsesi.info -ilə bölüşdü.

“Nə qədər yaşlı olsa da, bir o qədər müdrik olmalıdır adam. Amma təəssüf ki, “müdrik” sözü ilə Şəfiqə Məmmədova sinonim yox, antonimdir.

Biz İdarə Heyətində qərara aldıq ki, 12-13 gün bundan qabaq, qurultaya qədər sədri əvəz etmək üçün müvəqqəti olaraq Şəfiqə xanım sədri əvəz etsin.

İdarə Heyətinin belə qərarı var idi və qurultaya hazırlıq gedirdi. Tam səmimiyyətimlə deyirəm, bu 10-15 gün içində 3-5 il ərzində qurulan bütün hər şeyi darmadağın elədi bu adam. Qurumları bağladı, gildiyalara maneçilik törətdi, tədbirlərin keçirilməsinə icazə vermədi.

Bilirsiniz, sadəcə, belə deyək də, penitensiar xidmət üsulu ilə işləməyə başladı. Kəndxudalıq, xudalıq elədi və belə görünürdü ki, hardansa razılıq alıb ki, sədr olub.

Bugünkü konfransda bu, özünü göstərdi. Konfrans olmadı əslində, “Musiqili Komediya” tamaşasını xatırlatdı.

Danışmaq üçün heç kəsə söz verilmədi. Axı demokratik seçki üsulu alternativ namizədlər tələb edir.

Heç veclərinə də almadılar, mikrofon vermədilər. Yekdilliklə səsvermə komissiyası var. Nə səsvermə komissiyası işə düşdü, nə də saydı. Elə şey mən ömrümdə görməmişdim və tərbiyəsiz bir seçki keçirildi”.

Həmidə Ömərovanın namizədliyi ilə bağlı suala isə Eldəniz bəy belə cavab verdi:

“Həmidə Ömərovanın da heç adını çəkmədilər. Biz müraciət qəbul etmişdik, 100-ə yaxın insan imza atmışdı ki, alternativ olaraq Həmidə xanım da namizədliyini irəli sürsün. Ümumiyyətlə, adını çəkmədilər. Şəfiqə xanım qətiyyən uyğun deyildi.

Həmidə xanım nisbətən cavandır, işləyərdi. Çox adam onu istəyirdi, həqiqətən. Mənə elə gəlir ki, bir mütərəqqi işlər görmək olardı.

Nə qədər ziyan vuruldu. Yəni, bu gün biz sədr seçmədik. Bu gün biz Azərbaycan Milli Kinosuna Əzrayıl seçdik”.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info