Son günlər ölkə rəhbərliyi və ailəsi barədə müəyyən iddiaların, xəbərlərin paylaşıldığı məlumdur.
Bu isə özlüyündə də narazılıqlar doğurur.
Xüsusilə ictimai-siyasi şəxslər baş verən bu hallar doğru qəbul etmir, böhtan adlanırır və qeyri-etik olaraq qiymətləndirirlər.
Bu barədə deputat Naqif Həmzəyev də böhtan xarakterli məlumatların yayılmasının artdığını bildirərək bu halların qarşısının alınması üçün yeni hüquqi mexanizmlərin yaradılmasını təklif edib.
Gununsesi.info – nun xəbərinə görə, Azərbaycan Respublikasının Milli Məclisinin İnsan hüquqları komitəsinin iclasında çıxış edən deputat qeyd edib ki, sosial şəbəkələrdə təhqir və böhtan xarakterli paylaşımların sayı artır, bu isə ayrı-ayrı şəxslərin nüfuzuna zərər vurur.
Onun sözlərinə görə, bəzi hallarda xaricdən Azərbaycana qarşı informasiya hücumları həyata keçirilir, o cümlədən dövlət rəhbərliyi və ailə üzvləri barədə böhtan xarakterli məlumatlar yayılır.
Deputat əlavə edib ki, bəzi ölkələrdə sosial şəbəkələrə məhdudiyyətlər tətbiq olunduğu halda, Azərbaycanda bu sahədə hər hansı ciddi qadağalar mövcud deyil.
Naqif Həmzəyev son olaraq qeyd edib ki, bu istiqamətdə hüquqi tənzimləmələr müzakirə edilə bilər.












