Dövlət sektorunda paralelçilik və təkrarçılıq davam edir – OSMAN GÜNDÜZ YAZIR

Hökumət budcə xərclərini azaltmaq və optimallaşdırma məqsədilə 4-5 il bundan öncə Prezidentin fərmanı əsasında “Hökumət Buludu” (G -cloud) yaradıb.

Yəni, bundan sonra hər bir dövlət qurumu özü üçün data mərkəz qurmağı və server avadanlığı almağı dayandırmalı və özünün bütün datasını, informasiya sistemləri və bazalarını köçürməliydi Hökumət Buluduna. Zəruri bulud xidmətlərini də buradan almalıydı. Bildiyim qədər G-cloud yaradılması və dəstəklənməsi üçün də cari il üçün 19 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu.

Amma müşahidələr göstərir ki, G-cloud yaratmaqla nəinki xərclər azalır, əksinə, qəribə görünsə də, daha da artır. Hətta Hökumət Buludu-na keçidlə bağlı ləngimə nəzərə alınaraq, mərhələli bir plan Prezident tərəfindən 2 il öncə təsdiqlənsə də görünür ki, dövlət qurumları miqrasiyada maraqlı deyillər.

İndi də açıqlama verilib ki, İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi server və şəbəkə avadanlıqları və texniki dəstək, bulud xidmətləri ilə bağlı tender elan edib və bu məqsədlə “Ultra Technologies” şirkətinə 3 milyon 252 min manat vəsait ödəyəcək. Xatırlayıram ki, adı çəkilən fərmandan sonra bu tip xərclər digər dövlət qurumları üçün də ayrılıb.

Onda sual yaranır ki , əgər bu tip büdcə xərcləri dövlət qurumlarına ayrılmaqda davam edəcəkdirsə onda Hökumət Buludu -na nə ehtiyac vardı? Prezidentin fərmanı nə üçün icra edilmir ? Kim məsuliyyət daşıyır fərmanın icrasına? Bu fərmanla dövlət qurumlarında İT xərclərin 25-30% azaldılması gözlənildiyi halda nə üçün xərclər elə bu qədər də artmalıydı ?

Ümid edirəm, RİNN, İT layihələrə rəylər verən VXSİ Dövlət Agentliyi və paralelçiliyə şərait yaradan Antiinhisar Dövlət Xidməti də baş verənlərin fərqindədir

Osman Gündüz

Gununsesi.info