Eldar Həsənovun qızından Mehriban Əliyevaya növbəti müraciət

  • By admin
  • 23 Dekabr 2021 11:55

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan keçmiş səfir Eldar Həsənovun qızı Səbinə Hüseynova Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib.

Gununsesi.info həmin müraciəti təqdim edir.

Çox hörmətli Birinci vitse-prezident, əziz Mehriban xanım!

Sabiq səfir, hazırda məhkəməsi gedən atam Eldar Həsənovun səhhətinin necə ağır olması barədə dəfələrlə Sizə və Cənab Prezident İlham Əliyevə müraciət etmişik. Artıq məhkəmə yekunlaşır. Atamın səhhəti getdikcə daha da ağırlaşır və biz – onun ailə üzvləri olaraq atamı itirməkdən çox qorxuruq.

Atam Eldar Həsənov həbs olunduğu 13 avqust 2020-ci il tarixindən ifadə verməkdən imtina edərək həbsini qanunsuz və əsassız hesab etdiyini bildirmiş, vəkili vasitəsilə “həbsini anlaşılmazlıq saydığını, ölkədaxili hüquq çərçivəsində məsələnin obyektiv həllini tapacağına, ölkə başçısı cənab İlham Əliyevin ədalətinə inandığını” qeyd etmişdir.

Əziz Mehriban xanım!

1 il ərzində aparılan ibtidai istintaq və artıq 4 aydır davam edən məhkəmə prosesində Eldar Həsənova verilən qondarma ittihamlar sübuta yetirilə bilmədi, əksinə, peşəkar hüquqşünas kimi həm özü, həm də vəkilləri tərəfindən sənədlərlə, arqumentlərlə, iş materiallarında olan şahid ifadələri və digər sübutlarla darmadağın edildi. Biz əminik ki, dövlət başçımız cənab İlham Əliyevə atamla bağlı yanlış məlumatlar vermiş şəxslər cinayət işinin bütünlüklə sübuta yetirilməməsi ilə bağlı əsl həqiqətləri ona məruzə etməkdən çəkinirlər.

Ən narahatlıq doğuran isə odur ki, atamın səhhəti ilə bağlı real vəziyyət düzgün qiymətlənirilmir və dövlət başçısına düzgün məlumat verilmir. Eldar Həsənov həbs olunarkən 16 dərman qəbul edirdi, hazırda bu dərmanların sayı 31-ə çatıb. Çox ağır dozalı ağrıkəsicilərdən istifadə edir. Bu il DTX-nin Hərbi Hospitalında o, cərrahi əməliyyat olunub. Həbsdə olduğu müddətdə xoşxassəli paroksizmal vertigo xəstəliyinə tutulub.O, dəfələrlə saxlanıldığı istintaq təcridxanasında və məhkəmə zalında huşunu itirmiş, müvazinətini itirərək yıxılmışdır. Atam həmçinin, şəkərli diabet, yüksək təzyiq, ürək çatışmamazlığı və bel-fəqərə yırtıqlarından əziyyət çəkir.

Bütün bunlara baxmayaraq artıq 4 aydır ki, onu təcili tibbi yardım maşınının müşayəti ilə məhkəmə zalına gətirir və tibbi yardım göstərilməklə mühakimə edirlər. Məhkəmə iclaslarında bəzən 3-4 dəfə ona tibbi yardım göstərilir. Hətta Bakı Ağır Cinayətlər Məhkəməsində bu məqsədlə ayrıca tibb otağı ayrılıb.

67 yaşlı Eldar Həsənov ağır xəstəliklərinə rəğmən bu təzyiqlərə, mənəvi-psixoloji əziyyətlərə istər istintaq, istərsə də məhkəmədə çox təmkinli, soyuqqanlı münasibət göstərməklə əsl dövlət adamına xas xüsusiyyətləri nümayiş etdirir. Hətta özünün xeyrinə, dövlətimizin əleyhinə istifadə oluna biləcək, dövlətlərarası skandallara səbəb ola biləcək bəzi məsələlərin istintaq materiallarından çıxarılmasını özü israrla xahiş etmişdir.

Əziz Mehriban xanım!

Atam Eldar Həsənovun 20 illik fəaliyyəti 4 xarici ölkəni əhatə etdiyindən AR Baş Prokurorluğunun beynəlxalq tapşırıqlar əsasında həmin ölkələrin prokurorluqlarında 6 aya yaxın davam edən istintaq hərəkətləri nəticəsində nə bir sənəd, nə bir sübut, nə bir imzası olan bank maliyyə sənədi, nə də əleyhinə hər hansı bir şahid ifadəsi əldə edilməmişdir. Bunlarla bağlı bütün sənədlər Azərbaycan tərəfinə göndərilmişdir. Bu isə atamın günahsızlığını bir daha sübuta yetirir. Bütün bunları, atamın dövlətimiz qarşısındakı indiyəqədərki xidmətlərini, səhhətinin ağırlığını nəzərə alaraq onun azadlığa buraxılmasına köməklik göstərməyinizi Sizdən xahiş edirik. Siz darda, köməksiz vəziyyətdə olan heç kəsi ümidsiz və köməksiz qoymamısınız. Sizin böyük ürəyinizə və xeyirxahlığınıza çox güvənirik. Lütfən, xeyirxahlığınızı mənim atamdan da əsirgəməyin.

Sizə dərin hörmət və sevgilərlə, Səbinə Hüseynova, Eldar Həsənovun qızı, Hüquq üzrə fəlsəfə doktoru

Gununsesi.info