Erməni panikası: Nikolun zəngləri, Qarabağda itkilər…

  • By admin
  • 26 Mart 2022 15:10

24 mart tarixindən başlayaraq, Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində müvəqqəti yerləşən rus sülhməramlılarının arxasında gizlənərək, hələ də fəaliyyət göstərməyə çalışan ermeni separatçıları tör-töküntüləri və qanunsuz silahlılarının panikası başlayıb.

Gununsesi.info xəbər verir ki, erməni rəsmiləri artıq 3 gündür “Azərbaycan Ordusunun irəliləməsi” haqda hay-küy salır və bütün beynəlxalq təşkilatlara müraciətlər edir, siyasiləri ardıcıl açıqlamalar verir, rus sülhməramlılarına təzyiq göstərməyə çalışırlar.

Son 3 gündə baş verənlər haqda ermənilərin iddiası:

– Azərbaycan Ordusu guya “Bayraqdar”la zərbə endirib, nəticədə 3 erməni silahlısı ölüb, 14-ü yaralıdır;

– Azərbaycan Ordusu Fərrux kəndinə (Xocalı rayonunun Pirlər kəndinin inzibati ərazi dairəsinə aid yaşayış məntəqəsi, kiçik bir kənddir, 20-25 nəfərin yaşadığı iddia edilir) nəzarəti bərpa edib;

– Azərbaycan Ordusu Fərrux kəndinin üstündəki yüksəkliyə (Qarağlux) yüksəkliyinə yol çəkir və orda möhkəmlənmək istəyir. Səbəb bu yüksəkliyin Xankəndiyə qədər nəzarətə imkan verməsidir;

– Azərbaycan Ordusunun irəliləməsinin qarşısı rus sülhməramlılarının apardıqları danışıqlar nəticəsində alınıb, ancaq Azərbaycan Ordusu geri çəkilməyib;

– Azərbaycan Ordusunun “qarşısını almaq üçün” erməni könüllülər Fərrux kəndi istiqamətində guya yola çıxmağa hazırlaşırlar və s.

Rəsmi xəbərlərə görə:

– 26 martda ermənilər təxribata cəld edib, 2 erməni silahlısı məhv edilib və geri çəkilməyə məcbur olub;

– 24 və 25 mart tarixlərində Paşinyan ardıcıl iki dəfə Rusiya lideri Putinə zəng edərək, Qarabağı müzakirə edib və yardım xahiş edib;

– 24 və 25 mart tarixlərində Rusiya müdafiə naziri Sergey Şoyqu əvvəlcə erməni, daha sonra isə azərbaycanlı həmkarı ilə telefon əlaqəsi saxlayıb;

– Qarabağdakı separatçı-terrorçu tör-töküntüsünün rəhbəri Araik Arutyunyan “təhlükəsizlik şurasının” iclasını keçirib və “təmas xəttindəki” gərginlikdən çıxmaq yolları müzakirə edilib, rus sülhməramlılarına müraciət qəbul olunub ki, vəziyyəti stabilləşdirsinlər;

– Beynəlxalq təşkilatlara müraciətlər edilib, artıq Qərbdən növbəti dəfə saxtakar yanaşma başlayıb. Donbasdakı separatizmə qarşı kəskin mövqe tutan və Ukrayna ordusunun ordakı əməliyyatlarını ərazi bütövlüyü səbəbi ilə cani-dildən dəstəkləyən ABŞ Dövlət Departamentinin nümayəndəsi Calina Porter Azərbaycan Ordusunun irəliləməsini nədənsə “qəbuledilməz” adlandırıb. Belə çıxır ki, bütün ölkələrin ərazi toxunulmazlığı müqəddəs prinsipdir, yalnız erməni terrorçuları üçün Azərbaycan əraziləri “istisnadır”?

– BMT artıq hər iki tərəfə çağırış edib;

– Azərbaycan MN Qarabağda heç bir gərginlik olmadığını, Azərbaycan Ordusunun dislokasiya yerini dəqiqləşdirdiyini bildirib və s.

Əslində nə baş verir?

– Azərbaycanlı zabitin rus sülhməramlıları ilə söhbətini əks etdirən görüntülərdən belə məlum oldu ki, erməni qanunsuz silahlı birləşmələri sözügedən ərazidən Azərbaycan Ordusu istiqamətində vaxtaşırı atəş açırlar;

– Azərbaycan zabiti rus sülhməramlılarından 10 noyabr 2020-ci il bəyanatına əməl etməsini, erməni qanunsuz silahlı birləşmələrini ərazidən çıxarmasını tələb edir;

– Azərbaycan ərazi bütövlüyünə qəsd edən, rus sülhməramlılarının arxasında gizlənərək, guya “dövlət” kimi davranan erməni separatçı-terrorçu tör-töküntülərinin qanunsuz əməllərinə artıq dözmək niyyətində deyil…

Ermənistanın son günlər ritorikası

Son 10 gün ərzində Ermənistan Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərinə cavab verdiyini açıqlayıb. Bildirib ki, Bakının təklif etdiyi 5 şərtdə qəbuledilməz heç nə yoxdur, sadəcə, sülhü tam əhatə etmir.

Bəs, “tam sülh” üçün ermənilər nə təklif edir?

“Qarabağın statusu”, ATƏT-in MQ-nun yenidən məsələyə müdaxiləsi və MQ formatında müzakirələrin başlaması, Azərbaycanın ərazi bütövlüyü məsələsinə keçmiş DQ-nin aid edilməməsi.

Ermənistanın əvvəlki prezidentləri – Röbert Köçəryan və Serj Sərkisyanın illərdir səsləndirdiyi fikirləri artıq Paşinyan hökuməti də dilinə almağa başlayıb: “Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyünə heç bir aidiyyəti yoxdur”.

Guya Azərbaycan bütün beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyündən imtina edərək, Dağlıq Qarabağ “ərazisindən” kənarda “ərazi bütövlüyünü tanımaq şərtilə” sülh müqaviləsi imzalaya bilər.

İrəvan çox yaxşı bilir ki, belə bir şərt mümkün deyil, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və bunu 10 noyabr 2020-ci ildə Ermənistan kapitulyasiya aktı ilə təsdiqləyib. Hazırda Ermənistan öz imzasından imtina edərək və ağır məğlubiyyətin nəticələrinə tabe olmayaraq, yenidən işğalçılıq fəaliyyətini davam etdirmək siyasəti yürüdür və Azərbaycanın ərazi bütövlüyünə qəsd edir.

Bunun mütləq bədəli olacaq: Rusiya bu separatçı-terrorçu ünsürləri Azərbaycan ərazisindən çıxarmalıdır, əks halda Azərbaycan Ordusu separatçı-terrorçu yuvalarını bir-bir nəzarətə götürəcək.

Gununsesi.info