Hakimlərin maaşları artırılır - MƏHKƏMƏLƏRİN VƏZİYYƏTİ DÜZƏLƏCƏKMİ?

  • By admin
  • 22 İyun 2022 09:09

Azərbaycanda məhkəmə sədrlərinin və hakimlərin maaşları artırılır.

Gununsesi.info-nun xəbərinə görə, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik təklif edilib.

Qanuna dəyişikliyə əsasən, Ali Məhkəmənin sədrinə 3550 manat maaş veriləsi təklif edilir. O cümlədən qüvvədə olan qanuna görə, Ali Məhkəmənin sədrinə bir aylıq vəzifə maaşı həcmində əlavə məbləğ ödəniləcək. Yəni, Ali Məhkəmənin sədrinə vəzifə maaşı və vəzifə maaşına əlavə olmaqla, ümumilikdə aylıq 7 100 manat ödəniş veriləcək.

Hakimlərə isə aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq maaşı həcmində vəzifə maaşına əlavə ödənilir:

– Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində

– ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin, inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində

– digər məhkəmələrin sədrlərinə Ali məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində

bütün məhkəmələrin sədr müavinlərə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində;

– Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində;

– bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində aylıq maaş müəyyən edilir.

Beləliklə, digər məhkəmə sədrlərinin və hakimlərin maaşı Ali Məhkəmənin sədrinin maaşı ilə tənzimləndiyi üçün həmin məhkəmə sədrləri və hakimlərin də maaşı müvafiq faizlər nisbətində artacaq.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib.

Ekspertlər hakimlərin və məhkəmə sədrlərinin əmək haqlarının artırılmasının bu sistemdə korrupsiya hallarının və sifarişli hökmlərin aradan qaldırlmasına kömək etməyəcəyini düşünür.

Vəkil Fuad Ağayev Gununsesi.info-ya açıqlamasında Azərbaycanda  hakimlərin məvacibləri yüksək olduğunu deyib:

“Azərbaycanda hakimlərin maaşları artırılıb və mütəmadi olaraq artırılır. İndi mən sual edirəm, bu, ədalət sistemində korrupsiyanın olub-olmamasına nə dərəcədə təsir edib?”

Tanınmış vəkil hesab edir ki, məhkəmə-hüquq sisteminin mövcud durumu maaşların daha da artırılması ilə düzələn deyil.

 

Afət Abbasova

Gununsesi.info